Nekroloq

25.04.2020

Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Nürəddin Bahadur oğlu Hümbətov 2020-ci il aprelin 24-də ömrünün 87-ci ilində vəfat etmişdir.
Nürəddin Bahadur oğlu Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957-1960-cı illərdə sahə həkimi kimi çalışmışdır. 1960-1963-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında təhsil almış,1963-cü ildən institutun terapiya kafedrasının assistenti, 1964-cü ildən dosenti, 1977-ci ildən professoru olmuşdur. 1979-2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. Professor N.B.Hümbətov 1964-cü ildə namizədlik dissertasiyasını, 1975-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Professor N.B.Hümbətovun rəhbərliyi altında terapiya və kardiologiyanın aktual məsələlərinə həsr olunmuş geniş elmi-tədqiqat işləri aparılmış və bunlar beynəlxalq əməkdaşlıq proqramı üzrə aparılan tədqiqatların bir hissəsini təşkil etmişdir. Onun təşəbbüsü ilə Respublikada 3 beynəlxalq simpozium keçirilmişdir. (1991, 1997, 1998). Professor Nurəddin Hümbətov dəfələrlə MDB və xarici ölkələrdə keçirilən qurultay, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə olunmuş yenilikləri müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq etmişdir. Uzun illər Respublika Kardioloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur.
Professor N.B. Hümbətovun tibbi kadrlarının ixtisaslaşması və təkmilləşməsində, səmərəli elmi-tədqiqat işlərinin aparılmasında böyük xidmətləri olmuşdur. O, 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. 200-dən çox elmi əsərin, 1 ixtira, 3 monoqrafiya, 27 metodik tövsiyə və 24 səmərələşdirici təkliflərin müəllifidir. Professor N.B.Hümbətov 1991-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Tanınmış alim, savadlı həkim və elm təşkilatçısı professor Nurəddin Bahadur oğlu Hümbətovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Rektor professor N.A.Qasımov
Prorektor dosent Eyvazov T.H.
Prorektor dosent M.T.Meybəliyev
Terapiya kafedrasının müdiri t.e.d. V.A.Mirzəzadə



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX