Daxili İşlər Nazirliyinin tibb personalı üçün növbəti təlim-treninqlər keçirildi
28.03.2020
Səhiyyə Nazirliyinin göstərişi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim və orta tibb işçiləri üçün koronavirusla bağlı xüsusi təlim-treninqlər davamlı aparılır. Təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim və orta tibb işçilərini virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.
Belə təlimlərdən bir neçəsi də Daxili İşlər Nazirliyinin tibb personalı üçün keçirilmişdir. Həmin təlimlərdə bu qurumun Tibb İdarəsində çalışan infeksionistlər, reanimatoloqlar,anestezioloqlar və terapevtlər iştirak etmişlər. 27 mart 2020-ci ildə növbəti təlim Ə.Əliyev adına ADHTİ-nin tədris auditoriyalarında azsaylı qruplar üçün keçirilmişdir. Təlimdə koronavirusla yoluxmuş xəstələrlə ilk təmas edən həkimlərə və tibb bacılarına xəstəlik haqqında, mövcud olan müalicə sxemləri və virusla mübarizə tədbirləri haqqında ən son məlumatlar çatdırılmış, praktik vərdişlər nümayiş etdirilmişdir.