Xocalı soyqırımı 26.02.2020
Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir. Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.
XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Faciə ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində vurğulandığı kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur. Dövlət başçısının müraciətində deyilir: “Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş və bilmişlər ki, onlar öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100 nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır.Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri sərgiləri təşkil olunur.
Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi də bütün Azərbaycan xalqı kimi Xocalı soyqırımının qurbanlarının xatirəsini daim yad edir. Fevralın 26-da institutun bütün kafedra və klinikalarında səhər işə başlarkən bu faciəli gün və qətlə yetirilmiş soydaşlarımızın xatirəsi anılaraq bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı soyqırımını törədənlərin layiqli cəzalarına çatmaları tələb edilmişdir.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|