Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasından 93 il keçir

27.04.2016

    Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın anadan olmasından 93 il keçir.
    Tibb institutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmoloğiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmoloğiya İnstitutunda elmi fəaliyyətə başlayaraq ordinatorluqdan baş elmi işçiliyə qədər yaradıcılıq yolu keçərək böyük mütəxəssis kimi formalaşmışdır.
    Keçən əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyi geniş yayılmışdı. Z.Ə.Əliyeva traxomaya qarşı aparılan bütün işlərdə fəal iştirak etmişdir. O, dəfələrlə ona həvalə edilmiş Əlibayramlı rayonunun bir sıra kəndlərinə getmiş və burada çətinliklərə baxmayaraq, traxomaya qarşı nəzərdə tutulmuş tədbirlər kompleksini inadla həyata keçirmişdir.Zəngin materialın ümumiləşdirilməsi və təhlili 1959-cu ildə Z.Ə.Əliyevanın «Traxomanın sintomisin ilə və ona uyğunlaşdırılmış digər terapevtik üsullarla müalicəsi» namizədlik dissertasiyasının müdafiəsi ilə nəticələnmişdir.
    XX əsrin 70-ci illərinin əvvəllərində Z.Ə.Əliyeva elmi fəaliyyətinin yeni istiqaməti kimi sənaye müəssisələrinin işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olmağa başlamışdır. Miqyaslı klinik və eksperimental tədqiqatların nəticəsində görmə üzvünə peşə zərərləri təsirinin mühüm qanunauyğunluqlarının aşkar edilməsi mümkün olmuşdur. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizminin bir çox tərəflərini aydınlaşdırmağa imkan vermişdir və 1976-cı ildə Z.Ə.Əliyeva «Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
    1979-cu ildə keçmiş İttifaqda ilk dəfə olaraq akademik Zərifə xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə istehsalatla elmin vəhdəti olan Bakı məişət kondisionerləri zavodunda Respublika Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya institutun peşə patologiyası üzrə problem laboratoriyası yaradılmışdır. Z.Ə.Əliyeva uzun illər ona rəhbərlik etmişdir. Burada müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə xroniki təsirinin mexanizmləri öyrənilmiş, bu təsirə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar böyük müvəffəqiyyətlər qazanılmışdır.
    Sonralar Z.Ə.Əliyevanın elmi fəaliyyəti Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun oftalmologiya kafedrası ilə bağlı olmuşdur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyır. Həmin dövrdə Zərifə Əziz qızı göz xəstəlikləri üzrə ixtisaslaşma və təkmilləşdirmə kurslarının həkim-dinləyiciləri ilə pedaqoji iş aparmaqla yanaşı həkimlik fəaliyyəti ilə də məşğul idi. Bu vaxtlar yaradılmış gözün peşə patologiyasına həsr olunmuş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası şəraitində gözün patologiyası”, “Yod istehsalında gözün peşə xəstəliklərinin profilaktikası”, “Görmə üzvünün peşə xəstəlikləri” adlı monoqrafiyalarına və digər əsərlərinə görə o, dünyanın ən görkəmli alimləri arasında layiqli yer tutmuşdur.
    Peşə xəstəliklərinə həsr olunmuş bir sıra elmi tədqiqatlarının nəticələrinə görə Z.Ə.Əliyeva SSRİ Elmlər Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür.
    Görmə üzvünün peşə patalogiyası problemləri ilə yanaşı Z.Ə.Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fə fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” , “Terapevtik oftalmologiya” və başqa monoqrafiyalar çap edilmişdir. Ümumiyyətlə onun 200-qədər elmi işləri, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var.
    1982-ci ildə Z.Ə.Əliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçildi. Burada o, bir sıra yüksəkixtisaslı elmi kadrları hazırlamışdır.Kafedra müdiri kimi Z.Ə.Əliyevanın praktik həkimlik işini xüsusi qeyd etmək lazımdır. Onun iştirakı ilə keçən klinik araşdırmalar, xəstələrin yoxlamaları və konsiliumlar gənc həkimlərin təkmilləşdirilməsində əhəmiyyəti rol oynamışdır.
    Akademik Z.Ə.Əliyeva Azərbaycan oftalmologiyasının əsl fədaisi olmuşdur, onun Vətən oftolmologiyasının inkişafında xidmətləri çoxdur.
    Akademik Z.Ə.Əliyeva böyük ictimai iş də aparırdı. O, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, “Bilik” Ümumittifaq cəmiyyətinin idarə heyətinin üzvü, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü, “Вестник офтальмологии” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
    Z.Ə.Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, orden və medallarla təltif edilməsi olmuşdur. Ona Azərbaycan Respublikası əməkdar elm xadimi fəxri adı verilmişdir, 2001-ci ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu akademik Z.Ə.Əliyevanın adını daşıyır.
    Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl və vəfalı ömür-gün yoldaşı olmuşdur. O,enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, gərgin fəaliyyətli həyatını bütövlükdə Azərbaycana həsr etmiş Ümummilli lider Heydər Əliyevin həmişə yanında olmuş, müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəməmişdir. Bu gün isə ölkə Prezidenti cənab İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosial yönümlü siyasət Ümummilli liderin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
    Görkəmli alim, həkim, əziz və unudulmaz Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır və yaşayacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX