Ə.Əliyev adına ADHTİ diplomdan sonrakı təhsilin və hazırlığın aşağıda göstərilən növlərini həyata keçirir: -müxtəlif ixtisaslar üzrə ümumi və tematik təkmilləşmə; -ixtisas üzrə təkrar hazırlanma; -doktorantura; -rezidentura; İnstitutda keçirilən təkmilləşmə kurslarına aşağıdakı tibbi-profilaktik müəssisələrdə çalışan həkim və provizorların qəbulu aparılır: -Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibbi-profilaktik müəssisələr; -özəl səhiyyə müəssisələri; -təhsisatlı tibb idarələrinin tabeçiliyində olan tibbi-profilaktik müəssisələr; -xarici vətəndaşlar üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi və icazəsi ilə; İnstitutun tədris hissəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirinin əmri ilə təsdiq olunmuş illik təqvim planına uyğun fəaliyyət göstərir. Təqvim planında institutun müxtəlif kafedralarının keçirəcəyi ümumi və tematik təkmilləşmə kurslarının keçirilmə tarixi, müddəti, kursların qəbul planı və s. haqqında məlumatlar öz əksini tapmışdır. İnstitutda tədris əyani və distant formalarda həyata keçirilir. Distant təhsil növü 2009-cu ildən tətbiq edilməyə başlanılmış və hazırda institutun 5 kafedrası (terapiya, ailə təbabəti,mama-ginekologiya, pediatriya və cərrahiyyə 1) bu təhsili həyata keçirir. Bu gün distant təhsilin coğrafiyası Azərbaycanın əksər bölgələridir. Gələcəkdə distant təhsilə cəlb olunmuş kafedraların sayının artırılması nəzərdə tutulur.İnstitut təqvim planından əlavə tibb müəssisələrinin sifarişi və Səhiyyə Nazirliyinin göstərişi əsasında müxtəlif mövzulu tematik təkmilləşmə, o cümlədən səyyar və səyyar-distant kurslar keçirir. Tədris hissəsi ixtisasartırma kurslarına həkimlərin komplektləşdirilməsi ilə məşqul olur. 2013-cü ildən başlayaraq müdavimlərin kurslara qəbulu Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş elektron əmr əsasında həyata keçirilir. Bu sistemin tətbiqi kurslara qəbul prosedurunu xeyli asanlaşdırmış, qəbulu qısa müddət ərzində başa çatdırmağa və proses haqqında məlumatların operativ əldə olunaraq müvafiq təhlillər aparmağa imkan verir. 2013-2014-cü tədris ilindən başlayaraq ixtisasartırma kurslarının müddətləri beynəlxalq standartlara uyğunlaşdırılaraq qısaldılmış və hazırda 2-4 həftə təşkil edir. Kursların bu cür tərtibi tədris ili ərzində daha çox saylı həkim və əczaçıların vaxtında dövrü təkmilləşmə kurslarına cəlb olunmasına şərait yaratmışdır. Tədrisə göndərilən dinləyicilərin sayı əvvəlki tədris ili ilə müqayisədə 1,7 dəfə artmışdır. Bunun nəticəsində həm həkim və əczaçıların sertifikasiya prosesində kursların keçirilməsi ilə bağlı məsələdə yubanmalar aradan qalxacaq və prosesin vaxtında aparılması üçün şərait yaranacaq, həm də mütəxəssislərin səhiyyəmiz üçün aktual olan mövzularda tematik kurslardan keçməsi mümkün olacaqdır. Tədris hissəsi kurslarda müdavimlərin iştirakına və tədrisin keyfiyyətinə dekanlıqla birgə mütəmadi nəzarəti həyata keçirir və bu işlərin təkmilləşdirilməsi üçün müxtəlif təkliflərlə çıxış edir. Son dövrdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən kafedraların müasir texniki tədris avadanlıqları ilə (kompyüter, multimedia proyektorları və s.) təchiz olunması və məşqələlərin elektron prezentasiyalar vasitəsilə aparılmasını, müdavimlərin baza biliklərinin yoxlanması və kursun yekun imtahanlarında test sisteminin tətbiqini göstərmək olar. Bu isə biliklərin obyektiv qiymətləndirilməsinə və tədris zamanı çatışmamazlıqların aşkar olunaraq aradan qaldırılmasına imkan verir. Təkmilləşdirmə kurslarında tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən önəmli işlərdən biri də Səhiyyə Nazirliyinin təşəbbüsü ilə institutumuz və Rusiya Diplomdansonrakı Təhsil Tibb Akademiyası arasında bağlanmış əməkdaşlıq sazişidir. Bu müqaviləyə əsasən adı çəkilən tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kurslarını həyata keçirirlər. Hazırda 600-dən çox müdavim bu kurslarda təhsil almışdır. Əməkdaşlığın digər istiqaməti institutun gənc, perspektivli müəllim heyətinin Moskva şəhərinə ezam olunaraq orada müxtəlif aktual mövzularda hazırlıq kurslarının keçməsidir. Bu kurslarda əməkdaşlarımız tərəfindən əldə edilən müasir bilik və bacarıqlar tədris prosesində müvəffəqiyyətlə tətbiq olunur, eyni zamanda müvafiq kafedralar arasında əlaqələr formalaşır. İnstitutumuzun texniki imkanları bu kursların da distant keçirilməsinə imkan yaratmış və artıq 2013-cü ilin noyabr ayından belə kursların keçirilməsinə start veriləcəkdir. Bu kursların digər bir özəlliyi ondan ibarətdir ki, kursların on-layn translyasiyası ayrı-ayrı vaxtlarda həm Moskva şəhərindən, həm də Bakı şəhərindən aparılacaq və dinləyicilər həm Azərbaycan həkimləri, həm də Rusiya həkimləri olacaqdır. Bu isə tədrisin məzmun və səviyyəsinin eyniləşdirməyə və yüksəltməyə imkan yaradacaqdır. 2013-cü tədris ilindən başlayaraq İnstitut respublikamızda mini invaziv endoskopik cərrahiyyədə kadr hazırlığına olan təlabatı nəzərə alaraq ilk dəfə ümumi cərrahlar, onkoloqlar, uroloqlar, mama-ginekoloqlar üçün nəzərdə tutulmuş 2 həftəlik "laparoskopik treninq" tematik təkmiləşmə kurslarını keçirir. Kursların keçirilməsi üçün bütün zəruri avadanlıqlar əldə edilmiş, müdavimlər beynəlxalq tədris proqramlarına uyğun nəzəri biliklərlə yanaşı müxtəlif simulyator və mulyajlar üzərində əməliyyatları həyata keçirərək praktik vərdişlərə yiyələnir və bundan sonra canlı cərrahi əməliyyatlarda iştiraka buraxılırlar.Kursu müvəffəqiyyətlə bitirmiş məzunlara onların bu hazırlıq səviyyəsini təsdiq edən dövlət şəhadətnamələri verilir. Gələcəkdə bu kursların daha uzun müddətli olması və daha mürəkkəb cərrahi əməliyyatların aparılmasının təlimlərinin təşkil olunması nəzərdə tutulur.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|