Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi-texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. İnstitut 20 noyabr 1935-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır. Fəaliyyətinin ilk illərində institut 9 kafedra və 6 kursla işə başlamış və 1 il ərzində 400 nəfər həkim-dinləyici biliklərini təkmilləşdirmiş və yeni ixtisaslara yiyələnmişdir. O dövrdə Azərbaycan əhalisi arasında malyariya, traxoma və digər təhlükəli yoluxucu xəstəliklərin geniş yayılmasını nəzərə alaraq, institutun əsas elmi və tədris prosesləri bu xəstəliklərin müalicəsinə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə yönəldilmişdi. O dövrdə bu sahədə professor Sona xanım Vəlixanın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onun respublikamızda əhali arasında traxoma xəstəliyinin aradan qaldırılmasında böyük xidmətləri olmuş, o eyni zamanda Azərbaycanda oftalmologiya məktəbinin də əsasını qoymuşdur.
Rayonlardan kurslarda iştirak edən həkimlərin tələbatını nəzərə alaraq, 1941-ci ildə 50 nəfərlik həkim-müdavim üçün nəzərdə tutulan yataqxana istifadəyə verilmişdir.
İnstitutun tarixinin bir çox şanlı səhifələri isə Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. Əziz Əliyev Azərbaycan Dövlət Tibb institutunun direktoru, respublikanın səhiyyə naziri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi kimi rəhbər vəzifələrdə müvəffəqiyyətlə çalışmış, müharibə illərində Dağıstan partiya təşkilatına rəhbərlik etmişdir. O, dəfələrlə SSRİ, RSFSR, Azərbaycan və Dağıstan Ali Sovetlərinin deputatı olmuşdur. Ömrünün son illərində isə Əziz Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun direktoru kimi fəaliyyət göstərməyə başlamışdır. Onun rəhbərliyi dövründə institutun kafedralarının Bakının iri xəstəxanalarında yerləşdirilməsi nəticəsində elmlə təcrübənin vahid istiqamətdə fəaliyyəti təmin edilmiş və həmin kafedralar respublika əhalisinə yüksək səviyyəli ixtisaslı yardım göstərən mərkəzlərə çevrilmişlər. Bu dövrdə institutun kafedra və laboratoriyaları genişləndirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir.
1950-ci ilin sonundan başlayaraq, institut SSRİ tərkibində olan respublikaların tələbatına və sifarişinə əsasən, ali təhsilli tibb kadrlarının təkmilləşdirilməsi və ixtisaslaşmasını həyata keçirməklə yanaşı, Bolqarıstan, Monqolustan, İran, Türkiyə və Yəmən kimi ölkələr üçün də təbabətin müxtəlif sahələri üzrə həkimlərin hazırlanmasını həyata keçirmişdir.
Əziz Əliyev yüksək rəhbərlik qabiliyyətinə malik, prinsipial, çox məsuliyyətli, tabeliyində olan işçilərə qarşı daim xoş münasibətdə olan, sözün əsil mənasında böyük dövlət və səhiyyə təşkilatçısı, görkəmli bir şəxsiyyət olmuşdur. Onun xidmətlərini, Azərbaycanda səhiyyənin və institutun inkişafı tarixində əvəzedilməz rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Sovetinin 27 sentyabr 1962-ci il qərarı ilə instituta Əziz Məmmədkərim oğlu Əliyevin adı verilmişdir. Hal-hazırda da institutun bütün əməkdaşları bu adın məsuliyyətini başa düşür və yerinə yetirdikləri şərəfli işin öhdəsindən layiqincə gəlmək üçün bütün gücləri ilə çalışırlar. 1975-ci ildə akademik Mirməmməd Cavadzadənin rektor təyin edilməsi ilə institutun inkişafının yeni mərhələsi başlayır. İnstituta isdedadlı gənclər toplanılır və onların elmi-praktik fəaliyyəti səhiyyənin ən vacib problemlərinin həllinə yönəldilir. İnstituta yeni idarəçilik prinsipi, şəffaflıq şəraitində işləmək, idarəetməni demokratik qaydalarla həyata keçirmək tərzi gətirilir. Mövcud olan çatışmazlıqları aradan qaldırmaq məqsədilə iş əsasən institutun sosial inkişafına, elmi-pedaqoji kadrların tərkibinin keyfiyyətcə yaxşılaşdırılmasına yönəldilir. Bu istiqamətdə professor-müəllim heyətinin yaradıcı fəaliyyətinə, xüsusən gənc mütəxəssislərin bacarıqlarının üzə çıxarılmasına əsas diqqət yetirilir. Obyektivlik, düzgünlük, elmi faktlara istinad edilməsi, əməyə hörmət və s. kimi iş prinsipləri institut əməkdaşlarının fəaliyyət proqramının əsasını təşkil edir. İnstitutun inkşafı Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daha uğurlu olmuşdur. Bu dövrdə institutda təhsil və elmi-tədqiqat işləri istiqamətində yenidənqurma prosesləri başlamış və davam etdirilmişdir. Həmin illərdə akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasının ərazisində institut üçün müasir bina inşa edilmiş, 1980-ci ildə 450 yerlik çox mərtəbəli mehmanxana tipli yataqxana tikilərək həkim-dinləyicilərin istifadəsinə verilmişdir. Bu dövrdə müalicə-məsləhət diaqnostika cərrahiyyə mərkəzi, elmi informasiya patent şöbəsi, mərkəzi elmi-tədqiqat laboratoriyası, informasiya şöbəsi təşkil olunmuş, əlavə 9 yeni kafedra yaradılaraq, bununla da institutdakı kafedraların sayı 30-a çatdırılmışdır. Bu dövrdə institutda 50-dən çox ixtisas üzrə təkmilləşmə və ixtisas artırma kursları keçirilir və hər il 3000-dən çox həkim və provizor bu kurslarda iştirak etməklə biliklərini artırırdılar. Təhsilin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə, 1975-ci ildən institutda səyyar kurslar təşkil edilməyə başlanmış və hal-hazırda da bu ənənə müvəffəqiyyətlə davam etdirilir.
Uzun illər ərzində institutda aspirantura və doktorantura şöbələri fəaliyyət göstərmiş və həm respublikamız, həm də bir sıra xarici ölkələr üçün elmi-pedaqoji kadrların hazırlanması təmin edilmişdir. 1975-ci ildən sonra institutda tibbin müxtəlif sahələri üzrə 60-dan çox aspirant, klinik ordinaturanın mövcud olduğu müddət ərzində isə 200-dən çox həkim-mütəxəssis hazırlanmış, 23 xarici ölkə mütəxəssisi yenidən hazırlanma kursu keçmişdir. Qazandığı uğurlara görə institut Ümumittifaq miqyasında Həkimləri Təkmilləşdirmə institutları içərisində 3-cü yerə layiq görülmüşdür.
İnstitutun inkişafında akademik Zərifə xanım Əliyevanın da xidmətlərini yada salmaq lazımdır. 1967-ci ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq, Z.Ə.Əliyeva elmi tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verir. Həmin dövrdə o, oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirir. Bu məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Elə ilk gündən Z.Ə.Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bildi. Elmi araşdırmalar nəticəsində Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin etimadını qazandı. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Z.Ə.Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir.
Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn, "Herpetik göz xəstəliyi", "Ağır virus konyuktivitləri" və s. məhz bu məsələlərə həsr olunmuşdur. Zərifə xanım Əliyeva fundamental "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Ə.Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir. Z.Ə.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar Elm Xadimi fəxri adını almışdır.
Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi tibbdə də sürətli dinamik inkişaf baş verir. Respublikada çoxsaylı yeni tibb ocaqları yaradılmış və ya əsaslı təmir olunmuşdur.Həmin müəssisələr tibb elminin ən müasir nailiyyətlərinə əsaslanan texnika və ləvazımatlarla təchiz olunmuşdur. Belə bir şəraitdə Ə.Əliyev adına ADHTİ-nun kollektivi də öz işini günümüzün tələbinə uygun qürmağa, ilk növbədə tədrisin keyfiyyətinin yüksəldilməsi və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına çalışır. Hal-hazırda institutun 28 kafedrası tədris korpusundan başqa müxtəlif çoxsaylı klinik bazalarda fəaliyyət göstərir. Bunlara Bakı şəhər 3 saylı klinik xəstəxana, institutun plastik və rekonstruktiv cərrahiyyə mərkəzi, Z.Əliyeva adına ET Oftalmologiya İnstitutu,Milli Onkiloji Mərkəz, Respublika Kliniki uroloji xəstəxana, Mir-Qasımov adına Respublika klinik xəstəxanası və digərləri aiddir. Bu klinik bazalar öz əhəmiyyətinə görə regionun lider müəssisələrindəndir. Onların yüksək və müasir maddi-texniki təminatı ən müasir diaqnostika və müalicə üsullarının tətbiq olunmasına imkan verir. Burada yerləşən müvafiq kafedraların professor-müəllim heyəti həmin imkanlardan dəyərlənərək tədris prosesini təşkil edirlər. Tədrisin keyfiyyətinin artırılması istiqamətində bu gün institutda əhəmiyyətli işlər görülmüşdür. Hazırda institutda ali tibb kadrlarının diplomdan sonrakı təhsilinin müxtəlif növləri əyani, səyyari və distant formalarda həyata keçirilir. İnstitut kafedralarının keçirdiyi distant və səyyar kurslar respublikamızın bütün bölgələrini əhatə edir. İnstitutda aparılan dərslər paralel olaraq onlayn formada bölgələrə translyasiya olunur. İndiyədək 2500-dən çox həkim bu kurslarda təhsil almışdır. Bu, region həkimlərinin paytaxta gəlmədən, xərc çəkmədən təhsil almalarını reallaşdırır. Bundan əlavə, ilk dəfə olaraq Azərbaycanlı həkimlər üçün Rusiya Federasiyasının paytaxtı Moskvadan translyasiya olunan distant kurslar keçirilmişdir. Bu kurslar Səhiyyə Nazirliyinin sifarişi əsasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində 2009-cu ildə imzalanmış müqavilə əsasında təşkil edilmişdir. Diqqətəlayiq hadisədir ki, kursların müəyyən hissəsində Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyasının əməkdaşları Bakıya gələrək buradan həm yerli kadrlar, həm də Rusiya həkimləri üçün paralel distant məşğələləri keçirmişlər. Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak edirlər. Beynəlxalq təhsil sahəsində Səhiyyə Nazirliyinin təşəbbüsü ilə atılan son addımllardan biri də respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmasıdır. 2014-cü ildən başlayaraq ADHTİ-nin pediatriya, terapiya, kardiologiya, şüa diaqnostikası, mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Belşika və Hollandiyadan gəlmiş yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə həkimlərə müxtəlif mövzularda mühazirələr oxuyurlar. Ə.Əliyev adına ADHTİ-u endoskopik müalicə metodlarını mənimsəmiş həkimlərə böyük ehtiyac olduğunu nəzərə alaraq mütəmadi şəkildə 2013-2014-cü tədris ilindən etibarən Respublikamızda ilk dəfə olaraq "Laparoskopik treyning"adı altında iki həftəlik tematik təkmilləşmə kursları təşkil etmişdir. "Laparoskopik treyning" kursunda müasir simulyatorlar tətbiq olunur və master klaslar aparılır. Bu avadanlıqda kifayət qədər məşq keçmiş müdavim kafedra bazasında müəllimlərin iştirakı ilə aparılan əməliyyatlarda iştirak edərək və bu əməliyyatları sərbəst etmək bacarığı əldə edirlər. Kursu müvəffəqiyyətlə bitirmiş müdavimlərə bu bacarığı təsdiqləyən şəhadətnamə verilir ki, bunun əsasında onlar çalışdığı müəssisələrdə belə əməliyyatları etmək hüququ qazanırlar. Məzunlarımız artıq yerlərdə bu tip əməliyyatları uğurla icra edirlər. Təcrübə göstərir ki, laparoskopik metodun tətbiqinə nəinki ümumi cərrahiyyədə, həmçinin cərrahiyyənin digər sahələrində də təlabat böyükdür. Bunu nəzərə alaraq həmin tədris ilində "laparoskopiyanın əsaslar" adlı daha bir kurs təşkil olunmuş və bu kursa ümumi cərrahlarla yanaşı həkim-onkoloqlar, mama-ginekoloqlar və uroloqlar da cəlb olunmuşlar. Bu kursda müxtəlif ixtisaslı mütəxəssislərin laparoskopik metodun bazis nəzəri biliklərinin və vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayrılmışdır. Gələcəkdə kursların mütəmadi olaraq daha çox ixtisası əhatə etməsi və tədris olunan cərrahi əməliyyatların çeşidinin artırılması nəzərdə tutulur.
Son vaxtlar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən tematik təkmilləşmə kurslarında həkim-mütəxəssislərin praktik peşə vərdişlərinin lazımi səviyyədə mənimsənilməsinə böyük diqqət verilir. Bu məqsədlə institut həkimlərdə müxtəlif tibbi-manipulyasiyaların icrası vərdişlərini aşılamaq üçün xüsusi simulyatorlar əldə etmiş və onlardan tədris prosesində geniş istifadə olunur. Bu cür simulyatorlar institutun pediatriya, terapiya, cərrahiyyə, travmatologiya və ortopediya, anesteziologiya və digər kafedralarında mövcuddur. 2014/2015-ci tədris ilindən başlayaraq institutun anesteziologiya və reanimatologiya kafedrasında “Regionar anesteziya üzrə treninq” mövzulu praktik yönümlü tematik təkmilləşmə kurslarını keçirilir. Kursun əsas məqsədi həkim anestezioloq-reanimatoloqlarda spinal, epidural punksiya və kateterizasiya texnikasına aid praktiki vərdişlərin formalaşdırılmasıdır. Manual vərdişlərin formalaşması məqsədilə müasir simulyatorlardan istifadə edilərək treninqlər keçirilir. Spinal punksiyanın manual vərdişlərinin formalaşması üçün spinal punksiya simulyatorundan, epidural punksiya və kateterizasiyanın manual vərdişlərinin formalaşması üçün epidural anesteziya simulyatorundan istifadə olunur.
2018/2019-cu tədris ilindən etibarən həkimlər və əczaçıların təkmilləşdirmə kurslarının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında müddəti 5 və 10 günə qədər qısaldılmış, bu isə tədris ili ərzində institutda qəbul olunacaq müdavimlərin sayını əhəmiyyətli dərəcədə artırmışdır. Eyni zamanda 5 və 10 günlük kurslarla yanaşı 1 və 2 günlük seminar /treninqlərin də təşkili nəzərdə tutulmuşdur. Artıq belə seminarlar bütün kafedralarda keçirilməyə başlanmışdır.
Kurslara qəbulun optimallaşdırılması məqsədilə 2013-cü ildən başlayaraq Ə.Əliyev adına ADHTİ-da müdavimlərin təkmilləşmə kurslarına qəbulu Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış "Elektron əmr" əsasında həyata keçirilir. Artıq bir sıra sənədlərin və onların surətlərinin tələb olunmasına ehtiyac yoxdur. Bunun sayəsində müdavimlərin sayının artmasına baxmayaraq qəbul prosesi qısa zaman ərzində bitir. Elektron səhiyyənin imkanlarından istifadə qəbul prosesinin qısa zaman ərzində bitməsinə və tədris prosesinin vaxtında başlamasına şərait yaradır. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir.
Kurslarda tədrisin keyfiyyətinin yüksəldilməsi yollarından biri həkimlər tərəfindən müxtəlif tibbi ədəbiyyat materiallarının, yeni informasiyaların müdavimlərə çatdırılmasıdır. Bu məqsədlə institutun elektron kitabxanası yaradılmış, onun fondları müasir tibbi ədəbiyyat və müxtəlif dillərdə nəşr olunan xarici jurnallar və s. hesabına yeniləşdirilmişdir. Eyni zamanda İnstitutun elektron saytında xüsusi tibbi məlumat arxivi yaradılmışdır. Məlumat arxivində müəllimlərin bütün ixtisaslar üzrə mühazirələrin prezentasiya variantları, kafedraların nəşr etdikləri tədris vəsaitləri, aktual mövzulu, institutda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən məqalələr, milli və xarıcı klinik protokollar, elektron kitablar və s. yerləşdirilirr. Tibb mütəxəssisləri institutun web saytına girməklə bu məlumatları asanlıqla əldə edirlər. Peşəkar tibbi informasiyanın bu cür çeşidlənməsi və tibb ictimaiyyətinə təqdim olunması ümumilikdə həkimlərin peşə hazırlığının yüksəldilməsinə xidmət edir və son nəticədə əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşmasına səbəb olur. İnstituta rəhbərlik rektor, kafedra müdirləri, klinik bazaların baş həkimləri və digər mütəxəssis və alimlərdən ibarət Elmi şura tərəfindən kollegial həyata keçirilir. Elmi Şurada İnstitutun iqtisadi və sosial inkişafının ümumi istiqamətini müəyyənləşdirir, İnstitutun elmi tədqiqatlarının planlarını, təhsil proqramlarını, tədris və metodik vəsaitlərini müzakirə və qəbul edilir və təsdiq olunması üçün Nazirlik qarşısında vəsadət qaldırır. ADHTİ-nun rəhbərliyi 2014-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Türkiyə Cümhuriyyəti İstambul Universiteti (İU) arasında anlaşma memorandomu imzalamışdır. Memorondumun əsasında ADHTİ və İU Azərbaycan Respublikasından olan həkim, doktorant və mütəxəsislərin cərrahiyyə, ortopediya və travmatologiya, mamalıq və ginekilogiya və digər tibb sahələri üzrə tərtib edilmiş tədris proqramları əsasında ixtisaslarının artırılması nəzərdə tutulmuşdur. Beynəlxalq əlaqələrin genişlənməsində institut rəhbərliyinin növbəti addımı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə 2015-ci ildə ADHTİ və Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası arasında əməkdaşlıq haqqlnda imzalanmış müqavilədir. Müqavilədə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların apaılması, onalrın nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konferensiya və seminarların keçirilməsi, tədris prosesinə və səhiyyə praktikasına tədrisin,diaqnostikanın, profiaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası, həmçinin ali tibb mütəxəssislərinin fasiləsiz professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən ADHTİ əməkdaşlarının Belarus DSTA-na göndərilərək aspirantura və ordinaturada, həmçinin qısa müddətli kurslarda təhsil alması və stajkeçməsi mümkün olmuşdur. Tədrisin sonunda hər iki Dövlətin aidiyyatlı qurumları tərəfindən tanınan müvafiq sənədlər verilir.
2014-cü ildə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun rektoru professor N.A.Qasımov və Amerika Avstriya Fondunun vitse- prezidenti Açıq Tibb institunun proqramlarının direktoru professor Wolfqanq Aulitzky M.D. ilə görüş keçirilmişdir, Açıq Tibb İnstitutu Azərbaycanda tibb proqramlarını 1997-cı ildən həyata keçirir. Bu proqram il ərzində Avstriyada 35 müxtəlif tibb ixtisasları üzrə seminarlar təşkil edir. Seminarlar Amerika və Avstriyanın qabaqcıl tibb müəssisələrinin professorları tərəfindən aparılır. Seminarlarda iştirak etmək üçün müxtəlif ölkələrdən dəvət olunan həkimlər akademik və pesəkarlıq nailiyyətlərinə əsasən Amerika Avstriya Fondu tərəfindən seçilirlər. İki institut arasında qarşılıqlı əlaqələri yaratmaq məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Əməkdaşlığın nəticəsi kimi xüsusi layihə çərçivəsində Avstriyanın nevroloji klinikasında damarların ultrasonografiyasının aparılması üzrə treninglərdə nevroloqlarımız da iştirak edirlər. İnsultların profilaktika layihəsi, eyni zamanda, elmi-tədqiqat işi kimi də nəzərdə tutulub.
Epidemioloji tədqiqatların aparılmasına Azərbaycan, Avstriya və Amerika tibb müəssisələrinin mütəxəssislərinin cəlb olunması planlaşdırılıb. Ə.Əliyev adına ADHTİ 2009-cu ldən etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyası ilə imzalanmış müqavilə əsasında müxtəlif istiqamətlərdə əməkdaşlıq aparır. Bu illər ərzində müqavilə çərçivəsində institutun çoxsaylı gənc kadrları Moskva şəhərində təkmilləşdirilmə kurslarına göndərilmiş və onların əldə etdikləri bilik və baçarıqlar bu gün kafedralarda tədris prosesində greniş istifadə olunur. Həmçinin RDSTA-nın professor-müəllim heyətinin iştirakı ilə Həkimləri Təkmilləşdirmə institutunda ehtiyac duyulan mövzularda həm səyyar, həm də səyyar-distant təkmilləşmə kursları keçirilmişdir ki, bu kurslarda 800-dən yuxarı yerli həkim kadrlar təhsil almışlar. AzDHTİ ilə İ.Seçenov aına Mockva Dövlət Tibb Universiteti ilə bağlanmış müqavilə əasında yerli həkimlər üçün müxtəlif səpkili təkmilləşdirmə kursları keşirilmiş, institutun bir sıra alimləri bu universitetin ayrı-ayrı kafedralarında iş təcrübəsi keçmişlər.Həmçinin institutun beynəlxalq əlaqələri Qazaxıstan Davamlı Təhsil Tibb Universiteti, dağıstan Tibb Universiteti, Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutu ilə son zamanlar bağlanmış müqavilələr əsasında xeyli genişlənmişdir.
Xarici təhsil müəssisələri ilə əməkdaşlığın digər istiqaməti ADHTİ-nin təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən və tibbin müxtəlif aktual məsələlərinə həsr olunan beynəlxalq səpkili konfranslardır. Son illərdə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu, Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyası və Rusiya Federasiyasının Smolensk şəhər Tibb Akademiyasının Antimikrob Kimyəvi terapiyası İnstitutu birgə keçirdiyi "Antimikrob kimyəvi terapiyası" mövzusunda Elmi-Praktik konfransı, “Yaxın Avrasiya qulaq burun-boğaz cəmiyyətinin (NERAS)” I beynəlxalq konqresini, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə ”Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi“ mövzusunda Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresini, Ə.Əliyev adına ADHTİ, Türkiyə dodaq və damaq yarıqları dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin təşkilatçılığı ilə V Beynəlxalq dodaq və damaq yarığı konfransını misal göstərmək olar. Bu elmi topantıların işində Türkiyənin, Almaniyanın, Rusiyanın aparıcı mütəxəssisləri məruzələrlə çıxış etmiş, müxtəlif uroloji, onkoloji canlı əməliyyatlar aparılmış və onların icrası konfrans salonuna birbaşa ötürülmüşdür. Beləliklə, ADHTİ Azərbaycanda Səhiyyə sahəsində həyata keçirilən bir sıra islahatlar nəticəsində tibbimizin qonşu ölkələrlə inteqrasiya prosesinə öz töhfəsini verir. "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın yerinə yetirilməsi ilə ilə əlaqədar Ə.Əliyev adına ADHTİ “Uşaqlar arasında tez-tez rast gələn xəstəliklər” mövzusunda Beynəlxalq səviyyədə elmi-praktiki konfrans keçirilmişdir. Konfrasda iştirak etmək üçün Avstriyadan, Rusiyadan yüksək ixtisaslı mütəxəsisslər dəvət olunmuş, pediatriyanın ən aktual məsələlərinə dair məruzələr dinlənilmişdir. İnstitutda gənc mütəxəssislərin inkişafı daim diqqət mərkəzində saxlanılır. Onların formalaşmasında və elmi-tədqiqat işlərinin istiqamətləndirilməsində Gənc alimlər şurasının xüsusi yeri vardır. Bu Şuranın mütəmadi təşkil etdiyi elmi-praktik konfranslarda Elmi fəaliyyətə başlayan gənc alimlərimiz öz ilk addımlarını atır, şəxsi tədqiqatlarının nətiicəllərini məruzə edirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim gənclərə böyük diqqət ayırır. Azərbaycan gəncliyinin seçdiyi sənət və peşəsindən asılı olmayaraq, yüksək təhsil, bilik və bacarıqların əldə edilməsi üçün Azərbaycan Dövləti tərəfindən bütün şərait yaradılıb. Səhiyyə sektorunda son illər aparılan mühüm proqressiv işlər bu günün həkimini dünya tibb elminə yaxın olmağına istiqamətlənib. Rezidentura təhsil sistemi gələcək milli səhiyyə və tibb elmi üçün yüksək səviyyəli kadraların davamlı şəkildə yetişdirilməsinə yönəlib.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi Azərbaycan Respublikası Dövlətinin səhiyyə siyasətini asas tutaraq, institutun həkim-rezidentləri üçün ödənişsiz əsaslarla xarici dil üzrə kurslar təşkil edib. Kursların yaradılmasında əsas məqsəd gənc həkimlərin dünya səhiyyəsinə və tibb elminə inteqrasiyasını asandlaşdırmaqdır.
Ə.Əliyev adına ADHTİ gənc mütəxəssislərin təhsilinə önəm verir. Bu baxımdan hər il mütəmadi olaraq institutumuzun rezidentləri bir sıra xarici ölkələrin nüfuzlu ali tibbi təhsil ocaqlarına rotasiya kurslarına göndərilir. İndiyənə qədər institutun bir neçə kafedrasının onlarla rezidenti Almaniya, Cənubi Koreya, Türkiyə, Belarusiya və Rusiyanın müxtəlif nüfuzlu tibb təhsili müəssisələrində bu kurslardan keçmişdir.
Müasir dövrdə tibbi biliklər sürətlə yenilənməkdədir. Dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemi yeni biliklərin vaxtında əldə edilməsi, keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaradır. Tibb təhsilini beynəlxalq standartlara uyğun qurmaq üçün Davamlı tibbi təhsil konsepsiyasının azərbaycanda tətbiqi günümüzün tələblərindən biridir. İnstitutda son illərdə bu istiqamətdə əhəmiyyətli işlər görülmüşdür. İxtisasartırma kurslarının müddətləri xeyli qısaldılmış, təhsil proqramları yenilənmiş, mövzular müasir təlabata uyğun seçilmiş, tədrisin modul sistemi tətbiq olunmuşdur. İnstitutun nəzdində Azərbaycanda ilk dəfə olaraq Davamlı tibbi təhsilin elementi olan milli tibbi distant təhsil portalı fəaliyyətə başlamışdır. İnstitutun aparıcı professor-müəllim heyətinin iştirakı ilə praktik həkimlər üçün azərbaycan dilində tibbin ən son nailiyyətlərinə həsr olunmuş audiovizual materiallar hazırlanaraq geniş tibb ictimaiyyətinə təqdim olunur. Bütün bunlar nəzərə alınaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 20.06.17 tarixli “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirməsinə dair müvəqqəti qaydalar”a həsr olunmuş 45 №-li əmri təsdiqlənmiş və qüvvəyə minmişdir. Bu qaydalar artıq 2018/2019-cu tədris ilindən institutun bütün kafedralarında müvəffəqiyyətlə həyata keçirilir.
Mövcud olduğu illər ərzində institut təkcə Azərbaycanda deyil, bütün regionda tanınmış ali təhsil ocağı kimi tanınmışdır. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır. Beləki, Azərbaycanın, demək olar ki, bütün həkim və provizorları, bir çox xarici ölkə vətəndaşları institutda ixtisaslaşma və ya ixtisasartirma kursları keçmiş və öz peşə karyeralarını qurmuşlar. İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu hazırda tam yaradıcılıq gücü ilə çalışır, ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibbi yardımın göstərilməsinə çalışır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX