ADHTİ - 80. Fəxrlərimiz. Professor Hənifə Məmmədağa oğlu Abdullayev 18.12.2015
Görkəmli cərrah-hematoloq, professor Hənifə Məmmədağa oğlu Abdullayev 1923-cu ilin fevral ayının 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1949-cu ildə 2-ci Moskva Tibb İnstitutunu bitirdikdən sonra Moskva Mərkəzi Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda elmi fəaliyyətə başlamışdır. O, kliniki ordinatura dövründə hematologiya elminə yiyələnməsinə böyük maraq göstərmiş və eyni zamanda institutun aspiranturasına qəbul olunmuşdur. Bundan sonra Moskvada qalıb və institutun əməkdaşı kimi institutun elmi katibi və şöbə müdiri vəzifəsində çalışmışdır.
1957-ci ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmiş, professor adını almışdır və 1968-ci ildə Azərbaycana qayıtmışdır. Həmin ildə Ə.Əliyev adına ADHTİ-də hematologiya və qanköçürmə kafedrası təşkil olunmuş və professor Abdullayev H.M. kafedra müdiri vəzifəsinə təyin edilmişdir.
O ömrünün sonunadək bu kafedranın rəhbəri olmuşdur. İlk gündən onun əsas məqsədi elmi və pedaqoji cəhətdən yüksək peşəkar kollektiv yaratmaq idi və professor bütün bacarıq və qüvvəsini bu işə sərf etmişdir.
Bu gün fəxrlə deyə bilərik ki, onun tələbələri böyük klinikalarda, Respublikadan kənarda müvəffəqiyyətlə çalışırlar.
Professor H.M.Abdullayevin fəaliyyəti elmi-tədqiqat, pedaqoji və həkimlik işləri ilə məhdudlaşmırdı. Bunlarla yanaşı, o böyük ictimai və maarifçilik işləri aparırdı. Dəfələrlə müxtəlif dövlət orqanların və ictimai qurumların üzvi seçilmişdir.
1969-1979-cu illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Naziri təyin edilmiş və bu illərdə respublikamızın səhiyyəsinin təkmilləşməsində onun böyük əməyi olmuşdur.
Bu illərdə o, Azərbaycan Kommunist Partiyasının 28 və 29-cu qurultaylarının nümayəndəsi və üç çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Professor Abdullayev H.M. elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, “Qızıl Əmək Bayrağı ordeni”, “Şöhrət Nişanı” və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir.
Professor Abdullayevin elmi-tədqiqat fəaliyyəti özünəməxsus genişliyi və məhsuldarlığı ilə seçilirdi. Xalqımızın görkəmli alimi olmaqla yanaşı, professor Abdullayev H.M. yüzlərlə ən ağır xəstələrə şəfa verən təkrarolunmaz təbib idi. Onun rəhbərlik etdiyi klinikada ilk dəfə olaraq irsi hemolitik anemiyalarda cərrahi müalicə aparılırdı.
Azərbaycanda onun rəhbərliyi altında ilk dəfə olaraq 1970-ci ildə Zaqafqaziya Elmi-Praktik Hemofiliya Mərkəzi yaradıldı və səhiyyənin aktual problemlərindən olan irsi hemoqlobinopatiyalara və hemofiliya xəstəliyinə dair çoxşaxəli elmi tədqiqat işləri aparılmağa başlandı. O, 1973-cü ildə SSRİ məkanında ilk dəfə “Hemofiliya” adlı fundamental, bütün həkimlərin stolüstü kitabı hesab olunan monoqrafiya çap etdirmişdir.
Professor H.M.Abdullayevin rəhbərliyi altında 1 doktorluq, 11 namizədlik dissertasiyası müdafiə olunmuş, 1 monoqrafiya, 9 metodik tövsiyə,4 səmərələşdirici təklif və 200-dən çox elmi məqalə çap edilmişdir.
Professor Abdullayev H.M. ilk dəfə olaraq ölkə patologiyası olan və irsi anemiyaların bir növü hesab edilən talassemiyalı xəstələrin kompleks müalicəsində splenektomiyanın effektliliyini isbat etmişdir. Professorun rəhbərliyi altında aparılmış elmi-tədqiqat işlərinin nəticələri ABŞ, AFR, ADR, ÇSSR, Fransa, İran və s. ölkələrdə elmi simpozium, qurultay və konqreslərdə məruzə edilmişdir. Xarici ölkə alimləri onun elmi işlərinin nəticələrini bəyənib və daima yüksək qiymətləndirmişlər. Professor Abdullayev H.M. uzun illər Ümumdünya Hemofiliya Federasiyasının üzvü olmuş və orada ölkəmizi ləyaqətlə təmsil etmişdir.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|