17-19 iyul 2023-cü il tarixlərində Lissabonda (Portuqaliya) Texnologiya Qalasının (Cluster Meeting of Gala Technology 2023) birgə konfransı keçirildi.
Tədbir çərçivəsində eyni zamanda 13-cü İllik Onkologiya Konfransı, 9-cu Beynəlxalq Mamalıq və Ginekologiya Konfransı, Nevropatoloqların 12-ci İllik Konfransı, Ortopedlərin 7-ci İllik Konfransı, Kardioloqların 12-ci İllik Beynəlxalq Konfransı, Stomatoloqların 5-ci İllik Konfransı, 7-ci Diabet Konfransı təşkil olunmuşdu.
Konfransda dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan müxtəlif ixtisaslar üzrə həkimlər (stomatoloqlar, travmatoloqlar, nevroloqlar, onkoloqlar, ginekoloqlar, endokrinoloqlar və s.) iştirak edirdilər.Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının müdiri, tibb elmləri doktoru, dosent Ziba Qasımova ABŞ, İngiltərə, İtaliya, Qatar, Kanada, Braziliya, İsrail, Ukrayna, Peru, İraq və Çili və digər ölkələrin həkim stomatolaqlarının iştirak etdiyi stomatoloqların 5-ci illik konfransında “Müxtəlif yaş dövrlərində retensiyalı dişlərin müalicəsi” adlı məruzəsi ilə çıxış etmişdir. Məruzə iştirakçılar tərəfindən yüksək maraqla qarşılanmışdır.
Konfransda həmçinin Azərbaycan Travmatologiya və Ortopediya İnstitutunun böyük elmi işçisi t.ü.f.d. Toğrul Cəlilov “Əlavə dayaq nöqtəsinin yaradılması yolu ilə fəqərə ayaqcığı yivləri sisteminin sabitləşdirilməsi üçün yeni metod” mövzulu məruzəsi ilə çıxış etdi.
Hər iki məruzə zamanı xəstələrin müalicəsinin çoxsaylı kliniki halları və aparılan elmi-tədqiqat işlərinin nəticələri slaydlarla nümayiş etdirilmişdir.