26-28 yanvar 2023-cü il tarixində Misir Ortodontiya Cəmiyyətinin hər il keçirilən 35-ci konqresi baş tutdu. Konqres Luksor şəhəri Jolie Ville Movenpick Hotelində keçirilmişdir.
Konqresdə 14 ölkədən 350-dən çox ortodont, o cümlədən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının müdiri və Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin (APOC) prezidenti dosent Ziba Qasımova, kafedrasının assistenti t.ü.f.d. Orxan Qasımov və APOC vitse-prezidenti İ.R. Süleymanov da iştirak etmişlər.
Misir ortodontlarından başqa кonqresdə Yunanıstandan (Moschos Papadopulos və Micheal Kalavritinos), Tunisdən (İnes Boudali və Amina Ben Salem Saied), Almaniyadan (Aladin Sabbagh), Fransadan (Waddah Sabouni), İtaliyadan (Ute Schneider-Moser) Livandan (Roy Sabri), Avstraliyadan (Əli Darendeliler), Bəhreyndən (Naval Əl Mutava), Mərakeşdən (Zouhair Abdine, Kenza Lahlou və Zakaria Bentahar), Hollandiyadan (Aldin Kapetanović), Dubaydan (Əhməd Qoneyma) iştirak etmişlər. 3 gün ərzində ortodontiyanın ən son nailiyyətləri və yeni iş üsulları haqqında 32 elmi-praktik məruzə dinlənilmişdir.
Konqresin birinci günündə assistent t.ü.f.d. Orxan Qasımovun “Diş retansiyası olan xəstələrin müalicəsində estetika” mövzulu məruzəsi xarici ortodont həmkarları tərəfindən yüksək maraqla qarşılanmışdır.
Məruzənin əvvəlində məruzəçi Ə.Əliyev adına ADHTİ-nun ortodontiya kafedrasının yaranması və Misir Assosiasiyasının prezidenti, İsgəndəriyyə Universitetinin stomatologiya fakültəsinin ortodontiya kafedrasının professoru Abbas Zaherin 2019-cu ildə Bakıda olarkən Ə.Əliyev adına ADHTİ-nun rektoru professor Nazim Qasımovla görüşü haqqında məlumat vermişdir.Estetik amillər nəzərə alınmaqla, ideal müalicə nəticəsi əldə etmək məsələsi üzərində ətraflı dayanan məruzəçi retensiyalı dişləri olan pasiyentlərin müalicəsinin çoxsaylı kliniki nümunələrini nümayiş etdirmişdir.
https://m.youtube.com/watch?v=sQmQo3Uo1Xo
Əməkdaşlarımıza Misir Ortodontik Cəmiyyəti adından sertifikatlar təqdim olunmuşdur.