Nevrologiya həftəsinin rəsmi açılış mərasimi keçirildi
18.12.2019
18 dekabr 2019-cu il tarixində Nevroloqların Milli Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Nevrologiya həftəsinin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Milli Nevroloqlar Assosiasiyasının sədri professor Rəna Şirəliyeva çıxış etdi və Nevrologiya həftəsi ərzində keçirilən tədbirlər haqqında danışdı. Professor məlumat verdi ki, bu gün eyni zamanda Azərbaycan Uşaq Nevroloqları Konfransı və 7-ci Azərbaycan Nevroloqları Konfransı da işə başlayır. Bu konfranslarda Böyük Britaniya, Avstriya, Danimarka, Finlandiya, Almaniya, Türkiyə, İsrail, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan nümayəndələri də iştirak edəcəklər.
Açılış mərasimində çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov Nevrologiya həftəsi çərçivəsində keçirilən tədbirlərin təkcə nevroloqlar üçün deyil, digər sahələrdə çalışan həkimlər üçün də əhəmiyyətini vurğuladı və bildirdi ki, bu kimi beynəlxalq tədbirlərdə iştirak edən alim və mütəxəssislərin çıxışları həkimlər, tələbələr və rezidentlər üçün çox faydalıdır.
Sonra konfrans öz işini tanınmış yerli və xarici alim və mütəxəssislərin nevrologiyanın aktual məsələlərinə həsr olunmuş çıxışlari ilə davam etdirdi.
Nevrologiya həftəsi 19-20 dekabr 2019-cu il tarixlərində Türkdilli ölkələrin 4-cü Beynəlxalq Nevrologiya Konqresi və "EPNS" tədris kursları ilə başa çatacaqdır.