“Məktəb idman zalı üçün sanitar-gigiyenik tələblər” adlı bir günlük seminar keçirildi
16.11.2019
15 noyabr 2019-cu il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun gigiyena kafedrası Davamlı Tibbi Təhsil Proqramına uyğun olaraq Bakı şəhəri və respublika regionlarının həkim-gigiyenistlərin iştirakı ilə “Məktəb idman zalı üçün sanitar-gigiyenik tələblər” mövzusunda bir günlük seminar keçirmışdir.
Qeyd etmək lazımdır ki, uşaq orqanizminin vacib göstəricilərindən biri onun təbii hərəkətliliyidir. Bu baxımdan, orqanizmin hərəki aktivliyinin yüksəldilməsinin ən mühüm vasitəsi yaşa uyğun fiziki tərbiyədir. Məktəblərdə və digər uşaq təhsili müəssisələrində fiziki tərbiyənin əsas forması idman dərsləridir. Bu dərslərin keçirildiyi məktəb idman zalları üçün qüvvədə olan sanitar-gigiyenik qaydalar və tələblər praktikada tez-tez tətbiq edilir.
Sözü gedən seminarın əsas məqsədi məktəbdə idman zalının planlaşdırılması, olçüləri, hava-istilik rejimi, mikroiqlim, ventilyasiya, işıqlandırma məsələlərini, bədən tərbiyəsi dərslərinin təhlükəsizliyini təmin etmək yollarını həkim-gigiyenistlərə çatdırmaq idi.
Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun gigiyena kafedrasının müdiri dosent Məmmədəli Meybəliyev və baş müəllimi Natiqə İsmayılova tərəfindən aparılmışdır.