Heydər Əliyev Fondu və Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının təşkilatçılığı ilə Respublika Endrokrinoloji Mərkəzi və Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti 14 noyabr 2019-cu il tarixində Ümumdunya Diabet gününə həsr olunmuş ”II Azərbaycan Diabet Konqresi”ni keçirdi. Ön sözlə Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi S.T.Məmmədov çıxış edərək, ölkəmizdəki şəkərli diabet probleminin həllində H.Əliyev Fondunun rolu barədə məlumat verdi. Eləcə də bir il ərzində diabeti olan bütün uşaq və yeniyetmələrin daha yüksək keyfiyyətli bazal insulinin müasir analoqu olan Deqludek (“Tresiba”, Novo Nordisk, Danimarka) ilə təmin ediləcəyinə dair məlumat verdi.
Sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, t.e.d. Valeh Mirzəzadə “Şəkərli Diabet tip 2 idarə edilməsində GLP-1 reseptor aqonistlərinin rolu” və “Kanaqliflozin və xroniki böyrək xəstəliyi ilə fəsadlanan şəkərli diabet tip 2-nin müalicəsi” mövzusunda mühazirələrlə çıxış edərək tibbdə olan son yeniliklərli toplantı iştirakçılarının nəzərinə çatdırdı.
Konqresdə xarici qonaqlardan professor Den Ziqler “Diabetik polineyropatiya müalicəsinin elmi əsaslandırılmış strateqiyası” mövzusunda, dr.Prashant Koneru “Şəkərli diabet tip 2 zamanı aşağı və çox aşağı kalorili pəhriz” mövzusunda, t.e.d., N.N.Jerdiyeva “Şəkərli diabeti olan insanlarda koqnitiv pozulmalar” mövzusunda məruzələrini təqdim etdilər.
Daha sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının 11 əməkdaşı çıxış etdi. Dosent, t.e.d. Z.Q. Əhmədova “Qliklazidlə metformin kombinasiyası-təhlükəsizlik və kliniki effektivlik“ mövzusunda, dosent, t.ü.f.d. G.H.Babayeva “Şəkərli Diabet zamanı mədə-bağırsaq sisteminin pozulması” mövzusunda, dosent t.ü.f.d. S.S. Sultanova “Prediabet: diabetə bir addım” mövzusunda, dosent,t.ü.f.d. N.N.Hüseynova “Şəkərli Diabet zamanı arterial hipertenziyanın idarə olunması” mövzusunda mühazirələrini təqdim etdilər.
Bundan əlavə terapiya kafedrasının asistenti A.R.Hüseynova “Şəkərli Diabet tip 2 zamanı B12 vitamin defisiti”, kafedranın baş laborantı A.Z.Əliyeva “Artıq bədən çəkisi və arterial hipertenziya prediabetin risk amilləri kimi” adlı məruzə ilə çıxış etdilər. Növbəti çıxışçılar kafedranın doktorantları olan S.A.Mustafayeva ”Şəkərli diabetin idarə olunması” mövzusunda, G.H.Məmmədova ”Şəkərli diabet tip 2 və bariatrik cərrahiyyə” mövzusunda, N.F.Novruzova ”Yüksək qlükoza və qlikohemoqlobin hiperlaktemiyanın yaranma riski kimi” mövzusunda və kafedranın rezidentləri G.M. Musayeva “Diabetik nefropatiyanın diaqnostikası və profilaktikası” adlı və Z.S.Əliyeva “Dializli şəkərli diabet xəstələrində diabetin idarə olunması” adlı məruzələrlə çıxış etdilər.
Konqresdə Bakı şəhəri və müxtəlif bölgələrindən terapevtlər, kardioloqlar, endokrinoloqlar iştirak etdilər, mühazirəçilərə çoxsaylı suallar verildi, çıxışlar ətrafında müzakirələr oldu. Sonda sertifikatlar təqdim olundu.