Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli Təbriz Tibb Universitetinin və İran Parodontologiya Akademiyasının rəsmi nəşri olan "Journal of Advanced Periodontology and Implant Dentistry" jurnalının (
https://japid.tbzmed.ac.ir) redaksiya şurasına daxil edilmişdir. Bu elmi jurnal parodontologiya və implantologiya sahəsi üzrə kliniki, bioloji, mikrobioloji və immunoloji orijinal tədqiqatları və sistematik icmalları əhatə edir.
Dosent Cavid Əhmədbəyli 2019-cu il oktyabr ayında Tehran şəhərində İran Parodontologiya Akademiyasının təşkilatçılığı ilə keçirilən 19-cu beynəlxalq parodontologiya konqresinin plenar sessiyasında Management of Gingival Recessions in Clinical Practice: Key factors" mövzusunda məruzə ilə də çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmış və interaktiv müzakirələrin aparılması ilə nəticələnmişdir. Eyni zamanda Tehran və Təbriz Tibb Üniversitetlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilmiş və həmin universitetlər ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları, müştərək elmi tədqiqatların aparılması və tədbirlərin keçirilməsi müzakirə edilmişdir.