Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

26.02.2019

26 fevral 2019-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Xocalı faciəsinin ildönümünə həsr olunur.
Məruzəçi dosent E.Ə.Qədimova
2. İnstitutun 2019/2020-ci tədris ili və 2020/2021-ci il sentyabr-dekabr ayları üzrə təqvim planının müzakirəsi və təsdiq olunması.
Məruzəçi prorektor T.H.Eyvazov
3. Ümumi cərrahiyyə 1 kafedrasının müdiri vəzifəsinə seçkilər.
4. Hematologiya kafedrasının müdiri vəzifəsinə seçkilər.
5. Yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçkilər.
6. Terapiya kafedrasının müdiri vəzifəsinə seçkilər.
7. Onkologiya kafedrasının professoru vəzifəsinə seçkilər.
8. Urologiya kafedrasının professoru vəzifəsinə seçkilər.
9. Urologiya kafedrasının professoru vəzifəsinə seçkilər.
10. Müxtəlif məsələlər.

İnstitutun rektoru professor Nazim Qasımov iclası öz çıxışı ilə açaraq toplantı iştirakçılarını 26 fevral 1992-ci il tarixində baş vermiş qanlı faciə nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Sədr öz çıxışında faciənin dəhşətli anlarını xatırladaraq, bu hadisədən 27 il keçməsinə baxmayaraq Xocalı soyqırımını törədənlərin layiqli cəzalarına çatmadıqlarını qeyd etdi və dünya ictimaiyyətinin bu hadisə ilə əlaqədar məlumatlandırılması istiqamətində dövlətimiz tərəfindən görülən işləri vurğuladı. Çıxışının sonunda professor N.A.Qasımov bu hadisəyə müxtəlif beynəlxalq qurumlar və xarici dövlətlər tərəfindən göstərilən münasibət haqqında danışdı.
Sonra bu məsələ üzrə məruzə edən hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova öz çıxışında bildirdi ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir.
XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Faciə ilə əlaqədar Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş və bilmişlər ki, onlar öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100 nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri sərgiləri təşkil olunur.Qardaş Türkiyədə və bir sıra Avropa dövlətlərində, müsəlman ölkələrinin çoxunda keçirilmiş anım tədbirləri ictimaiyyət arasında böyük əks-səda doğurmuşdur. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Hal-hazırda, bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Çıxışdan sonra iclas iştirakçıları Xocalı soyqırımına hısr olunmuş videoçarxı seyr etmişlər.
II məsələ üzrə prorektor T.H.Eyvazov çıxış edərək bildirdi ki, təqvim planı 15sentyabr 2019 -30 dekabr 2020-ci il müddəti əhatə edir və 2019-cu ilin yanvar-fevral aylarında hazırlanıbdır. Plana daxil olan kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqinda məlumat verməklə yanaşı onların həlli yolları da göstəriləcəkdir. Bu zaman xüsusi simulyator-manekenlərdən, müxtəlif endoskopik aparatlardan, mikroskoplardan və s. müsair tədris vasitələrindən istsfadə etmək nəzərdə tutulur. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilmiş və onların uzlaşması təmin edilmişdir. Bu tədris ilində də səyyari təhsil kurslarına təqvim planında müəyyən yer verilmişdir. Təqvim planının tərtib olunmasında yenə də modul sistemindən istifadə edilmişdir. Beləki, diplomdansonrakı təhsilin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun olaraq bütün kafedralarda təqvim ili atrıq 8 günlük (48 kredit) kurslardan təşkil olunmuşdur. Eyni zamanda modullardan əlavə 5 günlük (30 kredit) tematik kurslar da nəzərdə tutulmuşdur. Bu tədris ilində müraciət əsasında plandan əlavə səyyari kurslrın keçirilməsi, Dövlət Proqramları, Milli fəaliyyət planları, SN-nin fəaliyyət planlarının icrası ilə əlaqədar kursların və digər tədris tədbirlərinin keçirilməsi, ödənişli kurs, trening və s. təşkili ilə yanaşı poliklinikalarda razılaşma əsasında seminarların keçirilməsi də planlaşdırılır. Beləliklə, artıq əvvəlki illərdə olduğu kimi uzun müddətli kursların keçirilməsinə lüzum qalmamışdır. Bu isə həkim-müdavimlərin iş və yaşayış yerlərindən uzun müddətə ayrılmamaqla onlara maraqlı gələn mövzular üzrə kurslara cəlb olunmalarına şərait yaradacaqdır.

2019/2020-ci tədris ili üçün planlaşdırılmışdır:
Kursların sayı - 765 (onlardan: ixtisas proqramı üzrə modulların tədrisi ilə - 264, müxtəlif tematik modulların tədrisi ilə - 501).
Səyyar kurslar - 44.
Seminar/treninqlərin sayı -220.
Distant kurslar -55.
İnstitut üzrə illik qəbul ediləcək müdavimlərin sayı 17105 müdavim olacaqdır. O cümlədən:
Terapiya fakultəsi üzrə - 6967 müdavim;
Cərrahiyyə fakultəsi üzrə - 6965 müdavim;
Tibbi-profilaktika fakultəsi üzrə - 3173 müdavim.
2020/2021-ci tədris ili (sentyabr-dekabr) üçün planlaşdırılmışdır:
Kursların sayı - 641 (onlardan: ixtisas proqramı üzrə modulların tədrisi ilə - 226, müxtəlif tematik modulların tədrisi ilə - 415).
Səyyar kurslar - 32.
Distant kurslar -6.
İnstitut üzrə illik qəbul ediləcək müdavimlərin sayı- 6953 müdavim olacaqdır. O cümlədən:
Terapiya fakultəsi üzrə - 2948 müdavim;
Cərrahiyyə fakultəsi üzrə - 2776 müdavim;
Tibbi-profilaktika fakultəsi üzrə - 1229 müdavim.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2019/2020-ci və 2020/2021-ci il sentyabr-dekabr ayları üzrə tədris ili üçün institutda tərtib olunan təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir.
Elmi şuranın gündəliyinin digər məsələləri kafedra müdiri və professor vəzifələrinə seçkilər olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX