Ə.Əliyev adına ADHTİ-da “Müqəddəs Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda elmi-praktiki konfrans keçirildi

26.04.2019

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Məlumdur ki, Müqəddəs Ramazan ayında oruc tutan şəxslərdə xroniki xəstəliklərin kəskinləşməsi baş verə bilər. Bu zaman həmin şəxslər orucu dayandırmaq məcburiyyətində qalırlar. Xroniki xəstəlikləri olan şəxslərə profilaktik yardım göstərmək və onlara oruclarını davam etdirməyə köməklik göstərmək özü də savab bir işdir. Praktik həkimlərə bu məsələlərin həll edilməsi yollarını göstərmək məqsədilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 2019-cu ilin aprel ayının 26-da “Müqəddəs Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransı giriş sözü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımov açdı. Rektor qeyd etdi ki, Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. İslam qaydalarına əsasən yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.Hesab edirəm ki, oruc tutanların sağlamlığının qorunması üçün onlarda rastlaşan xroniki qeyri-infeksion xəstəliklərin idarəolunması çox aktual məsələdir və keçirilən konfrans mütəxəssislərin marağına səbəb olacaqdır.
Sonra konfrans öz işini məruzələrlə davam etdirdi. Terapiya kafedrasının müdiri professor V.A. Mirzəzadə “Müqəddəs Ramazan ayında şəkərli diabetin idarəolunması”, professor İ.İ.Mustafayev “Müqəddəs Ramazan ayında ürək-damar xəstəliklərinin idarəolunması”, professor N.A. Fərəcova “Müqəddəs Ramazan ayında ağciyərlərin qeyri-infeksion xəstəliklərinin idarəolunması”, dosent S.X.Mehdiyev “Müqəddəs Ramazan ayında ürək çatışmazlığının idarəolunması”, dosent G.H.Babayeva “Müqəddəs Ramazan ayında həzm sistemi xəstəliklərinin idarəolunması” və assistent A.R.Hüseynova “Müqəddəs Ramazan ayında bəzi endokrin xəstəliklərinin idarəolunması” mövzularında çıxış etdilər. Məruzələr maraqla dinlənildi.
Konfransda Respublikanın müxtəlif bölgələrindən terapevtlər, kardioloqlar, endokrinoloqlar, qastroenteroloqlar iştirak etdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX