“Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda elmi-praktik konfrans keçirildi

20.12.2018

Uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir.Onların sağlamlığı və rifahı haqda ilk müddəalar UNİSEF tərəfindən irəli sürülmüşdür. Uşağın lazımınca qidalanması, peyvəndi, təhsili və tibbi xidmətən yararlanması ölkələrdə hakimiyyət başında bu və ya digər partiyanın olmasına, iqtisadiyyat inkişaf və ya iqtisadi böhrandan asılı olmamalıdır. Hər bir uşağın normal inkişafı üçün bütün maneələr aradan qaldırılmalıdır. Təəsüflər olsun ki, bu gün dünyamızda yoxsulluğun, vətəndaş müharibələrinin, regional münaqişələrin, savadsızlığın, ailədaxili münaqişələrin, iqtisadi böhranların acı nəticələrindən uşaqlar daha çox əziyyət çəkir.
1989-cu ildə BMT-in uşaqlara yönəlmiş “Uşaq Hüquqları Bəyannaməsi” uşaqların sağlamlığı və uşaq hüquqlarının qorunması baxımından ən mühüm sənədlərdən biridir. Üstündən 28 ildən yuxarı vaxt ötməsinə baxmayaraq təəssüf ki, “Uşaq Hüquqları Bəyannaməsi”ndə yer alan hədəflərin çoxuna hələ də nail olunmamışdır. Buna baxmayaraq bu bəyannamə uşaq hüquqlarının qorunması istiqamətində çox önəmli bir addımdır.
Uşaq hüquqlarının qorunmasında təkcə profilaktik-önləyici tədbirlərin görülməsi yetərli deyildir. Lazimi hədəflərə çatmaq üçün dövlətlərin müvafiq strukturlarının birgə əməkdaşlığı, məqsədyönlü siyasət şəklində addımların atılması vacibdir.
Bu baxımdan Azərbaycanda son 20 ildə düzgün dövlət siyasətinin aparılması nəticəsində xeyli nailiyyətlər əldə edilmişdir. Ailə problemlərinə hərtərəfli qayğı və diqqətin mütəşəkkilliyini gücləndirmək məqsədilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Eyni zamanda Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və başqa dövlət qurumları da ana və uşaqların sağlamlığı mövzusuna həsr olunmuş müxtəlif səpgidə çoxsaylı tədbirlər keçirirlər.
2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncamı indiyə qədər səhiyyə sisteminin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsinə, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına xidmət edəcək növbəti bir addımdır. Proqramda da qeyd olunduğu kimi bu sahədə mühüm nailiyyətlər əldə olunsa da, hələ də ana və uşaqların sağlamlığının qorunmasında problemlər qalmaqdadır. Dövlət Proqramında mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyən olunmuş, Proqramın məqsədi və vəzifələrinin qadın və uşaqlara göstərilən müalicə-profilaktika yardımlarının keyfiyyətinin yüksəldilməsindən, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasından ibarət olduğu qeyd olunmuşdur.
Respublikamızda səhiyyədə aprılan ciddi islahatlar uşaq ölümü göstəricisinin kəskin azalmasına səbəb olsa da bu hallar hələ də qeyd olunur. Respublika Dövlət Statistika Komitəsinin açıqlamasına görə uşaq ölümlərinin səbəbləri sırasında sinir xəstəlikləri də ilk yerlərdədir. Bu xəstəliklərin uşaqlarda yaranma səbəbləri müxtəlifdir. Həmin problemlərin kökündə həm bətndaxili, həm də doğuşdan sonra baş verən travmalar və bir çox somatik xəstəliklər dayanır. Həmçinin ailədaxili münaqişələr, valideyn-uşaq münasibətlərində düzgün olmayan stereotiplər də uşaqlarda sinir pozğunluqlarına səbəb olur. Uşaqların qidalanması da sinir sisteminə təsir göstərən amillərdəndir.
Göstərilən məsələlərin müzakirəsinə həsr olunmuş “Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda elmi-praktik konfrans 20 dekabr 2018-ci ildə Nevroloqların Milli Assosiasiyasının, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutdu.
Konfransın açılış mərasimində Nevroloqların Milli Assosiasiyasının prezidenti,Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri ə.e.x. professor Rəna Şirəliyeva, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru ə.e.x. professor Nəsib Quliyev, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri ə.e.x. professor Amaliya Əyyubova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının professoru Elxan Rəsulov çıxış etdilər.
Konfransın elmi-praktik hissəsində uşaq nevrologiyasının aktual problemlərinə həsr olunmuş mövzular ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası alimləri məruzələr etdilər.
Ə.Əliyev adına ADHTİ-nun akt zalında baş tutmuş konfransda Bakı şəhərində və Respublikamızın bir çox bölgələrində çalışan pediatrlar, neonatoloqlar, nevroparoloqlar və psixiatrlar iştirak etdilər. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasıya edilmişdir və iştirakçılara kredit balları verilmişdir.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX