Ə.Əliyev adına ADHTİ-də V beynəlxalq dodaq və damaq yarığı konfransı keçirildi

28.10.2018

Xəbər verildiyi kimi 27-28 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Türkiyə dodaq və damaq yarıqları dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin təşkilatçılığı ilə Ə.Əliyev adına ADHTİ-də V Beynəlxalq dodaq və damaq yarığı konfransı keçirilmişdir.
Konfransı Ə.Əliyev adına ADHTİ-nin rektoru, professor Nazim Qasımov açaraq son illər ölkəmizdə plastik cərrahiyyə, o cümlədən üz-çənə, dodaq və damaq yarığı cərrahiyyəsi sahəsində əldə edilən uğurlar haqqında danışdı. Rektor qeyd etdi ki, bu patologoyaların aradan qaldırılması məsələsi üz-çənə cərrahiyyəsinin ən aktual problemlərindəndir. Bir çox ölkələrdə məsələnin aktuallığını nəzərə alaraq dodaq və damaq yarıqları dərnəkləri yaradılmış və bu istiqamətdə ciddi elmi araşdirmalar aparılır. Ölkəmizdə də bu patologiyaların müalicəsinin tarixi ənənələri vardır. Ə.Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında aparılan elmi tədqiqatların nəticələri, tətbiq olunan cərrahi əmliyyatlar dodaq və damaq yarıqlarının müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Konfransın keçirildiyi bu iki gün ərzində dodaq və damaq yarıqlarının və üz nahiyyəsində yaranan müxtəlif toxuma defektlərinin rekonstruksiyası cərrahiyyəsinin ən mübahisəli problemlərinin həllinə yönəldilmiş elmi araşdirmaların nəticələri iştirakçıların nəzərinə çatdıralacaqdır. Çıxışının sonunda professor Nazim Qasımov konfrans iştirakçılarına müvəffəqiyyət arzuladı.
Konfransın fəxri sədri professor İbrahim Yıldırım, Türkiyə dodaq və damaq yarıqları dərnəyinin sədrləri professor Figen Özgür və Sərvət Doğan, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin sədri professor Vaqif Qələndərli də çıxış edib tədbir iştirakçılarını salamladılar və konfransın işinə uğurlar arzuladılar. Qeyd olundu ki, konfrans Azərbaycanda çalışan həkimlərə dünyanın qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsinin son nailiyyətlərini müzakirə etmək imkanı yaradacaqdır. Konfransın birinci günü dodaq və damaq yarığına cərrahi yanaşma metodları və nəticələr, əməliyyatların erkən və gec nəticələri, bu patologiyalarda ortodontiyanın rolu, plastik cərrahiyyədə kök hüceyrələrinin istifadı olunması aspektləri və başqa ən aktual mövzulara həsr olunmuş məruzələr təqdim edildi və müzakirələr aparıldı. Çıxış edən qabaqcıl mütəxəssislər yenilikləri nəzərə çatdırmaqla yanaşı öz təcrübələrində rast gəldikləri halların da təqdimatını etdilər.
Konfrans oktyabrın 28-də ölkəmizdən və xarici ölkələrdən gəlmiş mütəxəssislərin məruzələri ilə öz işini davam etdirdi. Bu gün də dodaq və damaq yarıqlarının diaqnostikası və müalicəsində tətbiq edilən yeni üsullar, innovasion metodlar və cərrahi texnikalar haqqında geniş müzakirələr aparıldı, əldə olunmuş nailiyyətlər təqdim edildi.
Sonda V beynəlxalq dodaq və damaq yarığı konfransı içtirakçılarına sertifikatlar təqdim edildi.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © 2018, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX