Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasının rezidenti Zülfiyyə İmamquliyeva keçən ay Avropa Onkoloqları Cəmiyyəti(ESMO) tərəfindən İsveçrənin Lugano şəhərində keçirilən “Yeniyetmə və gənclərin bədxassəli şişləri ” və İsveçrənin Zurich şəhərində keçirilən “Baş və boyun nahiyyəsinin şişləri” konfranslarında həmin təşkilatın qrantları hesabına iştirak etmişdir.Hər iki konfransda yeniyetmə və gənclərin bədxassəli şişlərinin, baş və boyun nahiyyəsinin şişlərinin vahid qruplaşdırılması, epidemiologiyası, müalicəsinin ümumi prinsipləri, kimyaterapiya və radioterapiyanın aparılması, cərrahi baxış taktikaları, psixoloji yardım, xərçəng xəstələrinin peşə və sosial reabilitasiyası məsələləri müzakirə olunmuşdur. Rezident Z.İmamquliyeva hər iki konfransda müvafiq olaraq “Nazofarinks xərçəngi” və “Qulaqətrafı ağız suyu vəzisinin aqressiv şişi” mövzuları ilə çıxış etmişdir.Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.