Azərbaycan Səhiyyə Nazirliyinin yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi

16.06.2018

2018-ci il iyunun 16-da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Səhiyyə Nazirliyinin yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli iclas keçirildi.
Tədbirdən əvvəl Səhiyyə Naziri professor Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoydular.
Tədbirdə çıxış edən Səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin 100 illik inkişaf yolundan danışaraq qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə tibb işçilərinin peşə bayramının 17 iyun tarixində müəyyən edilməsi təsadüfi deyildir. 100 il əvvəl müsəlman Şərqində qurulmuş ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətində təsis olunan ilk nazirliklərdən biri də Səhiyyə Nazirliyi olmuşdur.Həmin qərar 1918-ci il iyunun 17-də imzalanmışdır. Beləliklə, bu il biz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 illik yubileyini qeyd edirik. Ötən 100 ildə Azərbaycan səhiyyəsinin böyük inkişaf yolu keçmişdir.Cümhuriyyət dövründə səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilmış,tibbi yardımın təşkili üçün yeni xəstəxana və apteklər açılmış,həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülmüşdür.
Cümhuriyyətin səhiyyə sahəsində mühüm tədbirlərindən biri də tibbi kadrların hazırlığı idi. Həmin dövrdə xaricə təhsil almaq üçün göndərilmiş tələbələrdən bir çoxu tibb üzrə təhsil alırdılar. Bu iş 1919-cu ildə Bakı Dövlət Universitetində tibb fakültəsi yaradılması ilə bir qədəq asanlaşdı.
Həmin işlərin sovet hakimiyyəti illərində də davam etdirildiyini, yüzlərlə yeni xəstəxana, poliklinika və apteklərin yaradıldığını vurğulayan Nazir bildirdi ki, Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılan Azərbaycan Tibb İnstitutu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, bir çox elmi tədqiqat institutları məhz həmin dövrdə fəaliyyətə başladılar.
Səhiyyə Naziri Azərbaycan səhiyyəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd etdi.
Digər çıxış edənlər də Azərbaycan səhiyyəsinin tarixindən,inkişafından, onun beynəlxalq aləmdə xüsusi yerindən danışdılar.
Sonra Azərbaycan səhiyyəsinin keçdiyi 100 illik inkişaf yolunu əks etdirən videoçarx nümayiş olundu.
Tədbirin sonunda Səhiyyə Naziri Oqtay Şirəliyev bayramla əlaqədar bir qrup tibb işçisini diplom və fərqlənmə nişanları ilə təltif etdi.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX