Ə.Əliyev adına ADHTİ-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmüş müşavirə keçirildi

08.06.2018

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalının dünyaya yayıldığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Respublikamızda dövlət səviyyəsində geniş qeyd edilir. Bir çox müəssisələrdə bununla əlaqədar bayram tədbirləri keçirilmiş və keçirilməkdədir. 2018-ci il iyun ayının 8-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmüş müşavirə keçirilmişdir. Müşavirəni institutun rektoru professor Nazim Qasımov açaraq bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində şanlı, qürur doğuran səhifələrdən biridir. 100 il əvvəl Cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı.
1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev bəyan etdi ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu öndər cümhuriyyət ideyalarının yaşamasına və təbliğinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Respublikamızda hər il Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi təntənə ilə qeyd olunur.
Ulu öndərin qurduğu müstəqil dövlət indi onun davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yer tutur. Uğurlu siyasət sayəsində ölkəmizin iqtisadi potensialı, beynəlxalq nüfuzu getdikcə artır. Bu gün müstəqil Azərbaycan bütün dünyada milli mənafeyə əsaslanan qətiyyətli siyasət həyata keçirən ləyaqətli ölkə kimi tanınır.
Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət xalqın mənafeyinə xidmət etdiyi kimi, xalq da bu siyasətə güclü dəstək nümayiş etdirir. Respublikamızdakı sabitlik, iqtidar-xalq həmrəyliyi bunun bariz ifadəsidir. Ölkəmizin bugünkü müsbət reallıqları Azərbaycanın müstəqilliyinin əbədi və möhkəm olacağını deməyə əsas verir. Şübhə yoxdur ki, Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edən xalqımız, müstəqil Azərbaycan öz ənənələrini yaşadaraq gələcəyə doğru daha inamlı addımlar atacaqdır.
Sonra müşavirə öz işini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmüş çıxışlar ilə davam etdirdi. Azərbaycan Təbabət muzeyinin direktoru Sadatxan Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və səhiyyə”, Ə.Əliyev adına ADHTİ-nun prorektoru Təyyar Eyvazov “Azərbaycan səhiyyəsi sovet quruculugu illərində”, Azərbaycan Respublikası Dövlət Elmi Tibb kitabxanasının direktoru Yeganə Pirəliyeva ”Azərbaycan tibb elminin tarixi”, Ə.Əliyev adına ADHTİ-nun hematologiya kafedrasının müdiri Elmira Qədimova ”Heydər Əliyev və səhiyyə”, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov ”Azərbaycan səhiyyəsi XXI əsrdə” mövzuları üzrə çıxışlar etdilər.Yüz il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin qurulduğu, özü də ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradıldığı diqqətə çatdırıldı və vurğulandı ki, ölkə başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.
Müşavirədə Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, rezidentlər və müdavimlər iştirak etdilər.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX