Ə.Əliyev adına ADHTİ-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmüş müşavirə keçiriləcəkdir
30.05.2018
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd edilir. Bir çox müəssisələrdə bununla əlaqədar bayram tədbirləri keşirilir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmüş müşavirə keçiriləcəkdir. Müşavirədə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və səhiyyə”, “Azərbaycan səhiyyəsi sovet quruculugu illərində”, ”Azərbaycan tibb elminin tarixi”, ”Heydər Əliyev və səhiyyə”, ”Azərbaycan səhiyyəsi XXI əsrdə” mövzuları müzakirə ediləcəkdir.
Müşavirə 2018-ci il iyun ayının 8-də saat 14:00-da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun akt zalında baş tutacaqdır.