Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

22.05.2018

22 may 2018-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Ə.Əliyev adına ADHTİ-nin 2018/2019-cu tədris ili üçün təqvim planı haqqında.
Məruzəçi prorektor dosent T.H.Eyvazov.

2. Otorinolarinqologiya kafedrasının assistenti t.ü.f.d. Həşimli Ramil Mürşüd oğlunun «Qırtlağın fonator funksiyasının pozulmalarında diaqnostik, müalicə-bərpaedici və profilaktik tədbirlər» 3217.01 – otorinolarinqologiya ixtisası üzrə, tibb elmləri doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiya mövzusunun müzakirəsi və təsdiq olunması.
3. Sosial gigiyena və səhiyyənin təşkili kafedrasının adında dəyişikliklər edilməsi barədə.
4. Mikrobiologiya və epidemiologiya kafedrasının müdiri vəzifəsinə seçkilər.
5. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru vəzifəsinə seçkilər.
6. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası üzrə t.ü.f.d. Abışov Rəşad Qudrət oğluna dosent elmi adının verilməsi.
7. Pediatriya kafedrası üzrə t.ü.f.d. Vəliyeva Sənubər Tağı qızına dosent elmi adının verilmasi.
8. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış etdi. O qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2018/2019-cu tədris ili üçün ixtisasartırma kurslarının təqvim planının tərtib olunması işi başa çatmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təsdiq üçün göndərilmişdir. Həmin kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqinda məlumat verməklə yanaşı onların həlli yolları da göstəriləcəkdir. Bu zaman xüsusi simulyator-manekenlərdən, müxtəlif endoskopik aparatlardan, mikroskoplardan və s. müsair tədris vasitələrindən istsfadə etmək nəzərdə tutulur. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilmiş və onların uzlaşması təmin edilmişdir. Bu tədris ilində də səyyari təhsil kurslarına təqvim planında müəyyən yer verilmişdir. Təqvim planının tərtib olunmasında yenə də modul sistemindən istifadə edilmişdir. Beləki, tədris proqramı hərəsi bir həftəlik müddət üşün nəzərdə tutulmuş modullara bölünmüşdür və həmin modulları müştərək tətbiq etməklə bütün tədris ili iki həftəlik kurslara bölünmüşdür. Diplomdansonrakı təhsilin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun olaraq bu ildən bütün kafedralarda təqvim ili atrıq iki həftəlik kurslardan təşkil olunmuşdur. Eyni zamanda modullardan əlavə iki həftəlik tematik kurslar da nəzərdə tutulmuşdur. Beləliklə, artıq əvvəlki illərdə olduğu kimi müxtəlif müddətli kursların keçirilməsinə lüzum qalmamışdır. Bu isə həkim-müdavimlərin iş və yaşayış yerlərindən uzun müddətə ayrılmamaqla onlara maraqlı gələn mövzular üzrə kurslara cəlb olunmalarına şərait yaradacaqdır.

2018/2019-ci tədris ili üçün planlaşdırılmışdır:
Kursların sayı - 639 (onlardan: ixtisas proqramı üzrə modulların tədrisi ilə - 226, müxtəlif tematik modulların tədrisi ilə - 413).
Səyyar kurslar – 22.
Qəbul edilə bilən müdavimlərin maksimal sayı – 9930 müdavim.

İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2018/2019-cu tədris ili üçün institutda tərtib olunan təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir.
II məsələ üzrə otorinolarinqologiya kafedrasının assistenti t.ü.f.d. Həşimli Ramil Mürşüd oğlunun «Qırtlağın fonator funksiyasının pozulmalarında diaqnostik, müalicə-bərpaedici və profilaktik tədbirlər» mövzusunda çıxışı dinlənildi.Müzakirələr aparıldıqdan sonra 3217.01 – otorinolarinqologiya ixtisası üzrə, tibb elmləri doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiya işinin mövzusu təsdiq olundu.
III məsələ üzrə sosial gigiyena və səhiyyənin təşkili kafedrasının müdiri əvəzi t.e.d.Hikmət İbrahimli çıxış edərək kafedranın adında dəyişiklikləri əsaslandırdı.Elmi şurada müzakirələrdən sonra yekdilliklə qərara alındı ki, “Sosial gigiyena və səhiyyənin təşkili” kafedrasının adı dəyişdirilib “Səhiyyənin təşkili və menecment kafedrası tibbi pedaqogika,psixiologiya və xarici dillər kursu ilə” olsun.
Elmi şuranın gündəliyinin digər məsələləri mikrobiologiya və epidemiologiya kafedrasının müdiri,stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru vəzifəsinə seçkilər,dosent elmi adının verilməsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX