Əməkdaşımız Avropa İnsult təşkilatının Mərkəzi Asiya toplantısında iştirak etmişdir

24.04.2018

20 aprel 2018-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Avropa İnsult təşkilatının ESO-EAST proqramının iştirakçıları olan ölkələrin Mərkəzi Asiya görüşü keçirilmişdir. Proqramın məqsədi Avropada və Dünya İnsult cəmiyyətinin iştirakı ilə dünyada insultlu xəstələrə yardımın keyfiyyətinin təkmilləşdirməsidir. Proqramda 41 ölkə iştirak edir. Proqram çərçivəsində xüsusi onlayn platformada (RES-Q) üzv ölkələrin xəstəxanaları qeydiyyatdan keçirilir və insultlu xəstələrə yardımın təşkili haqda məlumatlar ayrı-ayrı xəstələr üçün onlayn doldurulur. Proqram 2015-ci ildən fəaliyyət göstərir və platformada xəstələrin qeydiyyatı müəyyən dövrlərdə aktiv olur. Azərbaycan da ESO-EAST proqramında aktiv iştirak edir. Proqramın Azərbaycan üzrə rəhbəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Milli nevrologiya assosiasiyasının prezidenti professor Rəna Şirəliyevadır. İcraçı komitəyə 7 nəfər daxildir.
Daşkənddə təşkil edilən toplantıda Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Çexiyanın nümayəndələri öz hesabatlarını təqdim etmişlər. Toplantını Avropa İnsult təşkilatının prezidenti Valeria Caso açmış, insult problemi haqqda danışmış, xüsusən son vaxtlar onun cavanlaşmasını qeyd etmişdir. Bundan sonra dünya İnsult cəmiyyətinin vitse-prezidenti Natan Bornşteyn insultların profilaktikası barədə məruzə etmişdir. Toplantı Milan Vasko, Aleksandr Tsiskaridze, Bəxtiyar Qafurov və digər mütəxəssislərin çıxışları ilə davam etmiş, sonra ölkələrin SWOT (güclü tərəflər, çatışmazlıqlar, imkanlar, təhlükə) üzrə çıxışları təqdim olunmuşdur.
Azərbaycan üzrə çıxışı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti və Milli nevrologiya assosiasiyasının məsul katibi t.ü.f.d. Əliyev Rahim təqdim etmişdir. Çıxış zamanı icraçı komitənin 2016-cı ildə Azərbaycan nevroloqlarının 6-cı konfransında təsis edildiyi barədə məlumat verilmiş, RES-Q platformasında 8 xəstəxananın qeydiyyatdan keçdiyi bildirilmişdir. Bu günə qədər 116 xəstənin qeydiyyata salındığı barədə məlumat verilmişdir. Çıxış zamanı o da qeyd edilmişdir ki, son illər Respublikamızda səhiyyənin inkişafı ilə əlaqədar bir sıra xəstəxanalar əsaslı təmir edilmiş və yeni avadanlıqlarla təchiz edilmişdir. Bu da insultun diaqnozunun vaxtında qoyulmasına və ehtiyac olduqda invaziv müalicəsinə imkanlar yaradır. Bir sıra xəstəxanalarda uğurla trombektomiya əməliyyatlarının aparılması insultun müalicəsində yeni imkanlara yol açır. Çıxışın sonunda regionlarda insultun müalicəsi problemi, sığorta sisteminin və teletəbabətin tətbiqi barədə suallar müzakirə edildi və bu yeniliklərin nəinki insultların, həm də digər xəstəliklərin müalicəsinin keyfiyyətinin artırılmasına səbəb olduğu vurğulandı.
Görüşün sonunda əldə edilən ilkin nəticələrin nəşr edilməsi barədə müzakirələr aparılmış və 2018-ci ilin may ayında İsveçın Gotenberq şəhərində keçirilən 4-cü Avropa İnsult konqresinin materiallarında nəticələrin tezis şəklində müzakirəsinə geniş yer ayrılacağı göstərilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX