AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirildi

17.02.2018

16 fevral 2018-ci il tarixində AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyası keçirilmişdir.
Akademiyanın Rəyasət Heyətinin binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər Akademiyanın müxtəlif qurumlarla, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər keçirməsinin artıq ənənə halı aldığını qeyd etmişdir. Akademik Azərbaycanda molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi və elektron tibb sahəsində görülən işlərdən, biotexnologiya, kök hüceyrələri və nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacibliyini yığıncaq iştirakçılarının nəzərinə çatdırmışdır.
Elmi sessiyada AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” mövzusunda çıxış etdi. Akademik son illər ölkəmizin səhiyyə, o cümlədən tibb elmi və təhsili sahələrinin beynəlxalq miqyasa çıxdığını, bu sahələrin inkişafına əlverişli şərait yaradıldığını və nəticədə yeni tədqiqat imkanlarının açıldığını diqqətə çatdırdı.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov "Azərbaycanda qeyri-infeksion xəstəliklərin tibbi-sosial və iqtisadi aspektləri"mövzusunda çıxış etdi. Rektor bildirdi ki, qeyri- infeksion xəstəliklər müasir dövrdə əksər ölkələrdə xəstəlik yükünün böyük hissəsinin və vaxtsız ölümlərin əsas səbəbidir. Ümümdünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il qeyri-infeksion xəstəliklər 40 milyona yaxın insan həyatına son qoyur ki, bu da bütün ölüm hallarının 70 faizini təşkil edir. Bunlardan 15 milyonu 30-69 yaş arasında olan insanlardır. Problemin həlli məqsədi ilə ÜST tərəfindən 2000-ci ildən başlayaraq bir neçə mühüm sənəd, o cümlədən qeyri- infeksion xəstəliklərin qarşısının alınması və onlara nəzarət üzrə Qlobal Strategiya qəbul olunmuşdur. 2013-2020-ci illər üçün qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə ÜST-nın Qlobal Fəaliyyət Planı təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Səhiyyə Nazirliyi tərəfindən Strategiya hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur. Milli Strategiyanın hədəfləri bunlardır:
- Tütün çəkmənin 10% azaldılması;
- Gündəlik duz istehlakının adambaşına 5 qramadək azaldılması;
- Böyüklər arasında fiziki passivliyin 10% - dək azaldılması;
- Piylənmənin azaldılması;
- Şəkərli diabetin artım tempinin azaldılması;
- Hipertoniya ilə xəstələnmə səviyyəsinin stabilləşdirilməsi və azalma tendensiyasına nail olunması;
- İlkin səhiyyə xidmətləri səviyyəsində qeyri-infeksion xəstəliklərin müalicəsi üçün əsas dərman preparatları və diaqnostik texnologiyalarla əhalinin ən azı 90%-nin əhatə olunması.
Bunun üçün çoxsahəli tədbirlər, o cümlədən dövlət və ictimaiyyətin iştirakı və ətraf mühitlə bağlı tədbirlərin həyata keçirilməsi, səhiyyə, kənd təssərrüfatı, maliyyə, ticarət, nəqliyyat, şəhərsalma, təhsil və idman kimi bir çox sahələrdən tərəfdaşların cəlb edilməsi tələb olunur.
Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onlara nəzarət olunması üçün inteqrasiya olunmuş tibbi xidmətlərin, o cümlədən ilkin profilaktika, skrininq və erkən aşkarlanma, müalicə, reabilitasiya tədbirlərinin və palliativ qayğının gücləndirilməsi zəruridir.
Rektor qeyd etdi ki, bu gün ölkədə ən müasir invaziv və qeyri-invaziv diaqnostik və müalicə üsulları, ən mürəkkəb cərrahi əməliyyatlar icra olunmaqdadır. Aparılan elmi-tədqiqat işlərinın nəticələrinin praktik təcrübəyə tətbiqi səviyyəsi xəstələrin əmək qabiliyyəatinin itirilməsinin və əlilliyin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır.O cümlədən aparılan fundamental və epidemioloji elmi araşdırmalar xəstəliklərin erkən diaqnostikasına və profilaktikasına zəmin yaradaraq mürəkkəb və bahalı müalicə - diaqnostik prosedurlardan istifadə olunmasını azaltmağa imkan vermişdir. Bu həm müalicəyə xəstələrdə komplayensi (sadiqliyi) artırır, həm də maliyyə resuslarının qənaətinə xidmət edir.İnstitut əməkdaşları tərəfindən son 5 ildə bu sahədə 100-dən çox elmi tədqiqat işləri aparılmış və onların nəticələri praktik səviyyədə tətbiqini tapmışdır. Bunlara həmçinin arterial hipertenziyanın, beyin qan-damar sistemi pozğunluqlarının öyrənilməsi sahəsində aparılan tətqiqatlar daxildir.
Son illər Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan sosial yönümlü siyasət insanların rifah halının yaxşılaşmasına və gəlirlərinin artmasına səbəb olmuşdur. Bu gün Respublikada yoxsulluq həddi 5% təşkil edir. İnsanların aktiv həyat tərzinə cəlb olunması yolu ilə qeyri – infeksion xəstəliklərin əsas risk amillərinin azaldılmasına şərait yaradılır. Sağlam qida konsepsiyası da ölkə rəhbərinin diqqət mərkəzindədir və bu da qida təhlükəsizliyinin yeni yanaşmalarının tətbiqinə gətirib çıxarır. Aktiv həyat tərzinin təbliği və idmana dəstəyin son illərdə əldə olunan nəticələri hamının gözü qarşısındadır. İnstitutun kafedralarında aparilan məqsədyönlü elmi -tədqiqatlar, təhsilin, aktiv həyat tərzinin və qidmanın təbliği qeyri-infeksion xəstəliklərin yayılması və onlarla mübarizəyə yönəlmişdir. Alınan nəticələr ölkədə dərhal tətbiq edilir və qeyri-infeksion xəstəliklərin dinamikasına nəzarət etməyə kömək edir.Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2013-2017-ci illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı SN-nin Tədbirlər Planının həyata keçirilməsi nəticəsində uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sonrakı müşahidəsi vasitəsilə onlar arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasına nail olunmuşdur. Dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin qeydiyyat sisteminin yaradılması və həmin sistemin mövcud elektron sağlamlıq sisteminə inteqrasiyası bu prosesə nəzarəti təmin etmişdir. Uşaqların dispanserizasiyasını həyata keçirən tibbi, xüsusilə də ilkin səhiyyə xidməti göstərən tibb işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaqların dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqla təchizatının yaxşılaşdırılması, uşaqlar və valideynlər arasında maarifləndirmə işlərinin və xəstəliklərin ilkin profilaktikasının gücləndirilməsi qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsinə xidmət edir.Artıq əminliklə demək olar ki, Proqramın yerinə yetirilməsi uşaqlar arasında rast gələn müxtəlif, o cümlədən qeyri-infeksion xəstəlikli xəstəliklərin aktiv erkən aşkarına və onlarla effektiv mübarizəyə öz töhfəsini vermişdir.Uşaqların sağlamlığının qorunması sahəsində əməkdaşlarımız tərəfindən aparılan araşdırmalar bu məsələlərin həlli istiqamətində mühüm nəticələr almağa imkan vermişdir.
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, təhsildə yeni informativ texnologiyaların tətbiqi, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, elektron təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, fasiləsiz tibbi təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi son nəticədə əhali arasında qeyri-infeksion xəstəliklərin azaldılmasına gətirib çıxaracaqdır. Daha çevik müalicə və diaqnostika imkanları yaradan telesəhiyyə texnologiyalarının tətbiq olunması nəticəsində təcili və təxirəsalınmaz tibbi yardımın on-layn rejimdə keçirilməsinin hüquqi bazasının yaradılması, müxtəlif yüksəkixtisaslı mütəxəssislərin bu işə cəlb olunması, SN tərəfindən qeyri-infeksion xəstəliklərə dair məlumat portalının yaradılması, qeyri-infeksion xəstəliklərə və onların risk faktorlarına aid əhaliyə geniş informasiyaların verilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində KİV vasitəsilə geniş əhali kütlələrinin maarifləndirilməsi əhali arasında qeyri-infeksion xəstəliklərin azalmasına gətirərək idtisadi səmərə verəcəkdir.
Elmi sessiyada Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin "Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri", AMEA-nın müxbir üzvü Nuru Bayramovun "Kök hüceyrə üzrə tədqiqatların klinik praktikada əhəmiyyəti", Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun "Onkoloji və ürək xəstələrinin diaqnostikası və müalicəsində nüvə tibbinin rolu", AMEA Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımovanın "Azərbaycanda uzunömürlülük fenomeni: tibbi-bioloji və demoqrafik aspektləri", akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun "Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti" mövzularında məruzələri də dinlənildi.
Sonra AMEA-nın Biofizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, akademiyanın müxbir üzvü Oqtay Qasımov çıxış etdi.
Səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək hər iki qurumun rəhbərliyi səviyyəsində keçirilən birgə tədbirin əhəmiyyətindən danışdı.Nazir səhiyyənin inkişafında elmi tədqiqatların rolu, ölkəmizin ayrı-ayrı bölgələrində həyata keçirilən yüksək tibbi xidmətləri, peşəkar kadrların fəaliyyəti, müasir avadanlıq və cihazlarla təchiz edilmiş xəstəxana, tibb ocaqlarının istifadəyə verilməsi və həyata keçirilən unikal əməliyyatlar barədə məlumat verdi.
Elmi sessiyada Respublikada tibb elminin və səhiyyənin inkişafı ilə bağlı zəruri olan bir sıra istiqamətlər üzrə gələcəkdə AMEA və Səhiyyə Nazirliyi arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və tədbirlərin həyata keçirilməsi qərara alındı.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX