Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Azərbaycan Pediatriya Cəmiyyətinin 1-ci Beynəlxalq Konqresi baş tutdu. Konqresdə 500 pediatr iştirak edirdi, 13 ölkədən - Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rumıniya, İsrail, Rusiya, İordaniya, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikasından nümayəndələr var idi.
Konqresin açılışında Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə təbabətin inkişafında böyük rolu haqqında danışdı, bu cür tədbirlərin vacibliyini söylədi və konqresin işinə uğurlar arzuladı. Azərbaycan Pediatriya Cəmiyyətinin sədri, Səhiyyə nazirliyinin mütəxəssis-eksperti, Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının assistenti Erkin Rəhimov Cəmiyyətin yaranmasından, keçirdiyi tədbirlərindən, uğurlarından məlumat verdi. Sonra Erkin Rəhimov "Yenidoğulmuşların tranzitor taxipnoe ilə respirator distres sindromunun diferensial diaqnostikasında ağciyərlərin ultrasəs müayinəsinin və qanda biomarkerlərin rolu" mövzusunda elmi işini də təqdim etdi.
Konqresin 1-ci günü həkimlər üçün pediatrik radiologiya, pediatrik dermatologiya, immunizasiya, uşaqların poliklinik müşahidəsi kimi 4 kurs təşkil olunmuşdu. Eyni zamanda Türkdilli dövlətlərin Milli Pediatrik Cəmiyyətlər Birliyinin iclası da baş tutdu.
Konqresin sonrakı günləri elmi proqram üzrə iki konfrans zalında panellər və simpoziumlar keçirildi. Pediatriya, neonatologiya, təcili yardım, pediatriyada cərrahi xəstəliklər, endokrinologiya, revmatologiya, uşaqlarda reabilitasiya, nefrologiya, nevrologiya, kardiologiya, nadir irsi xəstəliklər, immunologiya və allerqologiya, psixiatriya, hematologiya, qastroenterologiya, irsi mübadilə xəstəlikləri, qidalanma-diyetologiya panellərində müxtəlif ölkələrdən 56 çıxış dinlənildi. Əlavə olaraq konqres zamanı 8 simpozium da təşkil edilmişdir.
Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının müdiri professor Rəqsanə Məmmədova, dosentlər Zemfira Quliyeva, Fəxrəddin Qarayev, Mətanət Qaraxanova, Sənubər Vəliyeva və Təranə İbadova müxtəlif simpoziumlarda moderator qismində iştirak etdilər. Kafedranın dosenti Nigar Hacıyeva konqresin ilk günündə Sosial Pediatriya panelində keçirilən simpoziumda "Tənəffüs yollarının virus infeksiyalarında alternativ müalicə üsulları" mövzusu ilə,konqresin 2-ci günündə qastroenterologiya panelində keçirilən iki simpoziumda "Uşaqlarda qəbizliyə yanaşmanın müasir prinsipləri" və "Qıcıqlanmış bağırsaq sindromunu necə tanıyaq" mövzları ilə çıxış etdi.