Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı, Uptodate İn Medicine və Bakı Kardiovaskulyar Akademiyasının texniki və təşkilati dəstəyi ilə 25 fevral-15 mart 2021-ci il tarixlərində Bakıda "Hipertoniya üzrə 1-ci Bakı Beynəlxalq Təlim kursu" keçmişdir. Təlim kursunda Türkiyə, İtaliya, İspaniya və İsrailin aparıcı beynəlxalq ekspertləri ilə yanaşı Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Azərbaycan Kardiologiya Cəmiyyətinin aparıcı mütəxəssisləri də onlayn formatda iştirak etmişlər. Azərbaycan və xarici ölkələrdən 130-dan çox kardioloq, terapevt, reanimatoloq, ailə həkimi və pediatrın qatıldığı bu beynəlxalq virtual təlimdə "Yüksək qan təzyiqinin diaqnostikası və müalicəsi", "Preoperativ hipertenziya", "Təcili və təxirəsalınmaz hipertenziv halların farmakoterapiyası", "Renovaskulyar hipertenziya", "Böyrək çatışmazlığı olan pasiyentlərdə hipertoniya" və digər 35-dən çox mövzu üzrə təqdimatlar edilmiş və interaktiv sual-cavab sessiyaları aparılmışdır.
Təlimdə Avropa Hipertoniya Cəmiyyəti Fondunun prezidenti, Avropa Hipertoniya Cəmiyyəti və Beynəlxalq Hipertoniya Cəmiyyətinin keçmiş prezidenti, Elmi Milano Bicocca Universitetinin Klinik Fiziologiya və Hipertoniya Mərkəzinin direktoru, Avropa Hipertoniya Cəmiyyətinin prezidenti Professor Dr. Giuseppe Mancianin "Arterial hipertenziyanın müalicəsi üzrə Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertoniya Cəmiyyətinin tövsiyələri", Avropa Hipertoniya Cəmiyyətinin vitse-prezidenti, İspaniyanın Valensiya Universitetinin pediatriya kafedrasının professoru, Valensiya xəstəxanasının pediatriya şöbəsinin müdiri Professor Dr. Empar Lurbenin "Hipertenziya üzrə Avropa Cəmiyyətinin uşaq və yeniyetmələrdə yüksək qan təzyiqinin müalicəsinə dair 2016-cı il tövsiyələri" və Türkiyənin Hipertoniya və Ateroskleroz Dərnəyinin rəhbəri və Avropa Kardiologiya Cəmiyyətinin Hipertoniya üzrə İşçi Qrupunun sədri, Professor Dr. Serap Erdinin "Rezistent Hipertoniya", Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasından Professor Dr. Valeh Mirzəzadə "Şəkərsalıcı terapiyanın kardiovaskulyar aspektləri" və Professor Dr. İsax Mustafayevin "Şəkərli diabet tip 2 xəstələrində arteriyal hipertenziyanın müalicəsi" mövzularında çıxışları xüsusi maraqla qarşılanmışdır. Təlimdə edilmiş bütün təqdimatların videoları
www.ecourses.az portalında yerləşdiriləcəkdir.
Təlimin yekununda test imtahanını uğurla tamamlayan iştirakçılara Ə.Əliyev adına ADHTİ tərəfindən sertifikatlar təqdim edilmişdir.