06.11.2013

Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyədə də köklü müsbət dəyişikliklər baş verir. Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkim və əczaçıların peşə səviyyəsinin artırılması üçün öz fəaliyyətini müasir tələblərə uyğun qurmağa çalışır. Hazırda institutda ali tibb kadrlarının diplomdan sonrakı təhsilinin müxtəlif növləri əyani və distant formalarda həyata keçirilir. Noyabrın 6-da ADHTİ-də yeni distant kurslara başlanılmışdır. İnstitutun rektoru Nazim Qasımov bildirmişdir ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə distant kurslar üç istiqamətdə aparılır. Hazırda institutun kafedralarının keçirdiyi distant səyyar kurslar respublikamızın bütün bölgələrini əhatə edir. İnstitutda aparılan dərslər paralel olaraq onlayn formada bölgələrə translyasiya olunur. İndiyədək 400-dən çox həkim bu kurslarda təhsil almışdır. 2013/2014-cü tədris ilində isə əvvəlki illə müqayisədə respublikanın daha çox, yəni 30 bölgəsində belə kurslar keçirilir. Bu, region həkimlərinin paytaxta gəlmədən, xərc çəkmədən təhsil almalarını reallaşdırır. Rektor qeyd etmişdir ki, bundan əlavə, ilk dəfə olaraq Azərbaycanın 20 həkim-endokrinoloqu üçün Rusiya Federasiyasının paytaxtı Moskvada translyasiya olunan distant kurslar keçirilir. Bu kurslar Səhiyyə Nazirliyinin sifarişi əsasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində 2009-cu ildə imzalanmış müqavilə əsasında təşkil edilmişdir. Distant tədris noyabrın 22-dək davam edəcəkdir. Diqqətə çatdırılmışdır ki, kursların müəyyən hissəsində Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyasının əməkdaşları Bakıya gələrək buradan həm yerli kadrlar, həm də Rusiya həkimləri üçün paralel distant məşğələləri keçəcəklər. Qeyd olunmuşdur ki, bu müqaviləyə əsasən həmin tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq tələbat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirlər. Hazırda 600-dən çox müdavim bu kurslarda təhsil almışdır. Əməkdaşlığın digər istiqaməti institutun gənc, perspektivli müəllim heyətinin Moskva şəhərinə ezam olunaraq orada müxtəlif aktual mövzularda hazırlıq kurslarının keçməsidir. Bu kurslarda əməkdaşlarımız tərəfindən əldə edilən müasir bilik və bacarıqlar tədris prosesinə müvəffəqiyyətlə tətbiq olunur, eyni zamanda, müvafiq kafedralar arasında əlaqələr formalaşır. ADHTİ-nin terapiya kafedrasının assistenti Azadə Hüseynova demişdir ki, tədrisin bu cür təşkili onun keyfiyyətinin müasir standartlara çatdırmağa imkan verir. Məlumat verilmişdir ki, endoskopik müalicə metodlarını mənimsəmiş həkimlərə böyük ehtiyac olduğu nəzərə alınaraq ölkəmizdə ilk dəfə laparoskopik treninq kurslarının keçirilməsi təmin edilmişdir. Bu kurslarda tədris zamanı həkimlərin zəruri bilik və praktik vərdişlərə yiyələnməsi üçün xüsusi simulyatorlar əldə olunmuşdur. Belə avadanlıqlarda kifayət qədər məşq keçmiş müdavim kafedra bazasında müəllimlərin iştirakı ilə aparılan əməliyyatları distant təhsil üçün istifadə olunan texnikanın vasitəsilə dərs otaqlarından canlı izləyir, sonradan isə bu əməliyyatlarda şəxsən iştirak edərək onları sərbəst yerinə yetirmək bacarığı əldə edirlər. Kursu müvəffəqiyyətlə bitirmiş müdavimlərə bu bacarığı təsdiqləyən dövlət şəhadətnaməsi veriləcəkdir ki, bunun əsasında onlar çalışdığı müəssisələrdə belə əməliyyatları etmək hüququ qazanacaqlar. Qeyd edək ki, institutda distant təhsilin inkişaf etdirilməsi və yüksək ixtisaslı mütəxəssislərin bu prosesə cəlb olunması tədrisin səviyyəsinin və son nəticədə bölgələrdə əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX