“Ana və körpənin sağlamlığı” mövzusunda beynəlxalq simpozium keçirilmişdir

19.06.2017

    Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Şübhəsiz ki, dövlətçiliyimizin bu ənənəsi Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
    Sağlamlıq cəmiyyətimizi formalaşdıran fərdlərin bədən, ruh və sosial olaraq tam bir bütövlük halı içərisində olmasıdır. Bir insanın sağlam olmasını onun həm sosial cəhətdən, həm də bədən və ruhi cəhətdən sağlam olması şərtləndirir. Başqa sözlə insanın sağlamlığı onun fiziki və sosial-psixoloji sağlamlığı deməkdir.
    Məlum olduğu kimi uşaqların sağlamlığı və rifahı haqda ilk müddəalar UNİSEF tərəfindən irəli sürülmüşdür. Uşağın lazımınca qidalanması, peyvəndi, təhsili və tibbi xidmətən yararlanması ölkələrdə hakimiyyət başında bu və ya digər partiyanın olmasına, iqtisadiyyat inkişaf və ya iqtisadi böhrandan asılı olmamalıdır. Hər bir uşağın normal inkişafı üçün bütün maneələr aradan qaldırılmalıdır. Təəsüflər olsun ki, bu gün dünyamızda yoxsulluğun, vətəndaş müharibələrinin, regional münaqişələrin, savadsızlığın, ailə daxili münaqişələrin, iqtisadi böhranların acı nəticələrindən uşaqlar daha çox əziyyət çəkir.
    1989-cu ildə BMT-in uşaqlara yönəlmiş “Uşaq Hüquqları Bəyannaməsi” uşaqların sağlamlığı və uşaq hüquqlarının qorunması baxımından ən mühüm sənədlərdən biridir. Üstündən 28 ildən yuxarı vaxt ötməsinə baxmayaraq təəssüf ki, “Uşaq Hüquqları Bəyannaməsi”ndə yer alan hədəflərin çoxuna hələ də nail olunmamışdır. Buna baxmayaraq bu bəyannamə uşaq hüquqlarının qorunması istiqamətində çox önəmli bir addımdır.
    Uşaq hüquqlarının qorunmasında təkcə profilaktik-önləyici tədbirlərin görülməsi yetərli deyildir. Lazimi hədəflərə çatmaq üçün dövlətlərin müvafiq strukturlarının birgə əməkdaşlığı, məqsədyönlü siyasət şəklində addımların atılması vacibdir.
    Bu baxımdan Azərbaycanda son 20 ildə düzgün dövlət siyasətinin aparılması nəticəsində xeyli nailiyyətlər əldə edilmişdir. Ailə problemlərinə hərtərəfli qayğı və diqqətin mütəşəkkilliyini gücləndirmək məqsədilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Eyni zamanda Səhiyyə Nazirliyi,Təhsil Nazirliyi və başqa dövlət qurumları da ana və uşaqların sağlamlığı mövzusuna həsr olunmuş müxtəlif səpgidə çoxsaylı tədbirlər keçirirlər.
    Ana və uşaqların sağlamlığının qorunmasında ən önəmli yeri tibb kadrlarının hazırlanması və onların daim təkmilləşməsi tutur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tibb təhsilinin keyfiyyətini müasir dünya standartlarına uyğunlaşdırmaq məqsədilə tədrisin müxtəlif növ və formaları həyata keçirilir. İnstitut rəhbərliyi tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılmasında beynəlxalq təhsilə önəm verir. Bu məqsədlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin göstərişi ilə Bakı Təhsil Məlumat Mərkəzi ilə birlikdə 19 iyun 2017-ci il tarixində Zalsburq Tibbi Seminarlar proqramı Avstriya İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Ananın və körpənin sağlamlığı” mövzusunda simpozium keçirildi.
    Simpoziumu institutun rektoru professor Nazim Qasımov açaraq bildirdi ki, 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncamı indiyə qədər səhiyyə sisteminin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsinə, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına xidmət edəcək növbəti bir addımdır. Proqramda da qeyd olunduğu kimi bu sahədə mühüm nailiyyətlər əldə olunsa da, hələ də ana və uşaqların sağlamlığının qorunmasında problemlər qalmaqdadır. Dövlət Proqramında mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyən olunmuş, Proqramın məqsədi və vəzifələrinin qadın və uşaqlara göstərilən müalicə-profilaktika yardımlarının keyfiyyətinin yüksəldilməsindən, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasından ibarət olduğu qeyd olunmuşdur.
    Rektor qeyd etdi ki,ananın doğum öncəsi sağlamlığının izlənilməsi və doğuş xidmətlərindən, qadın məsləhətxanalarından faydalanması yüksəldikcə uşaq ölümü faizi də azalmaqdadır. Sevindirici haldır ki, son 15 ildə uşaq ölümü halları kəskin azalmışdır. Çünki səhiyyəyə dövlət qayğısı sayəsində Azərbaycanın rayonlarında indi ən müasir avadanlıqlarla təchiz olunmuş səhiyyə idarələri yaradılmışdır. Doğum evlərində tibbi avadanlıqlarla təchizat və peşəkar kadrların artımı da bu gün öz sözünü deməkdədir. Tibbi maarifçiliyin gücləndirilməsi, istehlakçı hüquqlarının qorunması istiqamətində atılan addımlar, keyfiyyətsiz uşaq qidalarının bazardan çıxarılması, ana südü ilə qidalanmanın artımı sayəsində postneonatal uşaq ölümləri azalmış, neonatal uşaq ölümlərinə diqqət artırılmışdır.
    Ölkəmizdə səhiyyənin inkişafı və tibbi yardımların imkanlarının gücləndirilməsi ilə yanaşı əhalinin tibbi maarifləndirilməsini daha da genişləndirmək vacib hədəflərdəndir. Qohum evliliklərinin ölkəmizdə hələ də qalması öz növbəsində qüsurlu körpələrin dünyaya gəlməsinə, ana və uşaq sağlamlığında risk faktoruna çevrilməkdədir. Bir sıra xəstəliklərə məhz bu kimi halların mövcudluğu səbəbiylə tez-tez rast gəlinir. İrsi qan xəstəlikləri ilə mübarizə də bu gün Azərbaycan səhiyyəsi üçün üçün vacib prioritetlərdən biridir. Hər il onlarla uşaq bu xəstəliyin daşçıyıcısı kimi dünyaya gəlir. Ona görə də hamiləliyin təqibi bu gün sağlam nəslin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
    Rektor çıxışına davam edərək bildirdi ki, ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində geniş addımlar atılmaqdadır. Ümummilli lider Heydər Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısının davamı olaraq bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına töhvələri, xüsusi diqqəti fundamental xarakter daşıyır. Ölkədə ana və uşaq sağlamlığına yüksək qayğı məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Talassemiyasız həyat layihəsi, Milli Onkologiya Mərkəzində uşaq klinikasının yaradılması, perinatal mərkəzlərin əsaslı təmiri, uşaq poliklinikalarının yenidən qurulması, təmiri və yenilərinin tikilməsi, regionlarda Müalicə Diaqnostika Mərkəzlərinin tikilməsi, ən son texnologiyalarla təchiz olunmuş xəstəxanaların açılması kimi çoxsaylı tədbirlər milli genofondumuzun inkişafında böyük bir dönüşə səbəb olmaqdadır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX