İyirmi beş il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi də bütün Azərbaycan xalqı kimi Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etmişlər. Fevralın 23-da institutun bütün kafedra və klinikalarında səhər işə başlarkən bu faciəli gün, qətlə yetirilmiş soydaşlarımızın xatirəsi anılmış və bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçıları Xocalı soyqırımını törədənlərin layiqli cəzalarına çatmalarını tələb etmişlər. Fevralın 24-də isə institutun rektoru professor N.A.Qasımov başda olmaqla professor-müəllim heyəti faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmiş və onların xatirəsinə ehtiramlarını bildirmişlər. Anma mərasiminin iştirakçıları abidənin önünə tərgüllər düzmüşlər. Həmin gün keçirilən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şürasının iclasında rektor tədbiri öz çıxışı ilə açaraq toplantı iştirakçılarını 26 fevral 1992-cil tarixində baş vermiş qanlı faciə nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir. Sədr öz çıxışında faciənin dəhşətli anlarını xatırlayaraq, bu hadisədən 25 il keçməsinə baxmayaraq Xocalı soyqırımını törədənlərin layiqli cəzalarına çatmadıqlarını qeyd etdi və dünya ictimaiyyətinin bu hadisə ilə əlaqədar məlumatlandırılması istiqamətində dövlətimiz tərəfindən görülən işləri vurğuladı. Çıxışının sonunda professor N.A.Qasımov bu hadisəyə müxtəlif beynəlxalq qurumlar və xarici dövlətlər tərəfindən göstərilən münasibət haqqında danışdı.