Fevralın 29-u Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Günü kimi qeyd olunur. Bu gün 2008-ci ildən nadir xəstəliklərin araşdırılması ilə məşğul olan “EURORDİS” təşkilatının təşəbbüsü ilə keçirilir. Həmin gün üçün fevralın 29-u tarixinin seçilməsi də təsadüfi deyil. Çünki 29 fevral gününün özü də nadirdir, yəni 4 ildən bir olur. Başqa illərdə bu günü fevralın son günündə qeyd edirlər. Hazırda dünyada nadir hallarda rast gəlinən 5 mindən çox xəstəlik var. Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Gününün məqsədi ictimaiyyətin diqqətini nadir xəstəliklərin öyrənilməsinə, bu xəstəliklər haqqında məlumatın və biliklərin artırılmasına yönəltmək və bu xəstəliklərin insanların həyatına təsirini araşdırmaqdır. Nadir xəstəliklərə tutulanların əksəriyyəti diaqnozun gec qoyulmasından, keyfiyyətli tibbi yardımın olmamasından, qulluq və müalicənin çətinliyindən əziyyət çəkirlər. Düzgün və vaxtında aparılan müayinə və müalicə nəticəsində belə xəstəliyə tutulanların ömrünün uzadılmasına nail olmaq mümkündür.
22 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada terapiya, pediatriya, hematologiya və onkologiyada rast gələn nadir xəstəliklər və onların müalicəsində istifadə olunan dərmanlar (orfan preparatlar) haqqında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Xüsusi olaraq terapiyada anadangəlmə (birincili) kanalopatiya sayılan Bruqada sindromunun, pediatriyada nadir rast gələn irsi-genetik patologiya olan birincili immundefisit zamanı adenozindezaminaza (ADA) çatmamazlığının, onkologiyada nadir xəstəliklər qrupuna aid edilmiş bütün uşaq onkoloji xəstəliklərinin, nadir hematoloji xəstəliklər olan psevdohemofiliya (Villebrand xəstəliyi), mieloproliferativ xəstəlik, kəskin leykozun promielositar variantı, çoxsaylı mieloma, polisitemiya, essensial trombositemiya, noktural hemoqlobinuriyanın və s. xəstəliklərin diaqnostikası və mualicəsi məsələləri qeyd edildi.
Məruzələrlə əczaçılıq kafedrasının dosenti Marinçenko Yelena, hematologiya kafedrasının müdiri, dosent Qədimova Elmira, terapiya kafedrasının müdir əvəzi, t.e.d. Mustafayev İsax, pediatriya kafedrasının müdiri, professor Həsənov Aslan, onkologiya kafedrasının assistenti Əhədova Nəzrin çıxış etdilər.