Təkmilləşdirmə kurslarında anadangəlmə ürək qüsurlarına dair təlimlər davam etdirilir

20.02.2017

    Azərbaycanda ana və uşaqların sağlamlığı daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin 13.06.2014-cü il tarixli Sərəncamına əsasən təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən yenidoğulmuşların sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Beləki, Dövlət proqramına əsasən anadangəlmə inkişaf qüsurları olan körpələrin erkən aşkarlanması və onların müalicəsi işinin təşkil edilməsi və bu məqsədlə neonatal müayinələrin (skrininqlərin) aparılması Səhiyyə Nazirliyi tərəfindən təmin edilir. Anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması, müalicəsinin, o cümlədən cərrahi müalicəsinin və sonradan tibbi reabilitasiyasının təşkili məqsədilə dövlət proqramı çərçivəsində aidiyyatı dövlət tibb müəssisələri, Perinatal Mərkəzlər, qadın məsləhətxanaları, doğum evləri və poliklinikalar müvafiq fetal və perinatal diaqnostika avandalıqları ilə təchiz edilmişdir. Bununla yanaşı, anadangəlmə ürək qüsurlarının erkən müayinə edilməsi və ixtisaslaşmış tibb müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə dövlət proqramı çərçivəsində Səhiyyə Nazirinin 2016-cı il 16 mart tarixli 57-S nömrəli Sərəncamına əsasən Respublika Perinatal Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Bakı şəhər Uşaq Klinik Xəstəxanasının iştirakı ilə yenidoğulmuş körpələr və uşaqlar arasında anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə xüsusi neonatal skrininq proqramına start verilmişdir. Skrininq proqramı zamanı qeyd edilmiş tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarına yoxlanması məqsədilə "skrininq nəbz oksimetriyası" aparılaraq, ürək qüsuru, xüsusilə də, kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülməkdədir.
    "Rostropoviç-Vişnevskaya Fondu"nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və milli mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu pilot skrininq proqramı çərçivəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya və neonatologiya üzrə təkmilləşdirmə kurslarında 2016-cı ildən başlayaraq neonatoloqlar, pediatrlar, uşaq kardioloqları və reanimatoloqlar üçün "Neonatal kardiologiya" mövzusunda xüsusi təlim kursları keçirilir. Həmin kurslar 2017-ci ildə də davam etdirilir. Növbəti təlim 2017-ci il fevral ayının 6-dan 17-dək həyata keçirilmişdir. Kurslarda iştirak edən müdavimlər kursun onlar üçün yeni və çox maraq kəsb etdiyini qeyd etmişlər. İl boyu yenidoğulmuşlara xidmət və qulluğa dair bu kimi digər kursların da keçirilməsi nəzərdə tutulubdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX