Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi keçiriləcəkdir

14.12.2016

    Görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Onun milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusilə vurğulanmalıdır. Əziz Əliyev dərin elmi düşüncəsi olan təbib-alim və klinisist kimi öz qarşısında dəqiq məqsədlər qoyaraq onları praktiki səhiyyədə yerinə yetirmək təcrübəsinə malik idi. Digər tərəfdən onun həkimlik, elmi və pedaqoji fəaliyyəti səhiyyənin inkişafında zəngin təşkilatçı fəaliyyəti ilə əlaqələndirilirdi. Hansı bir vəzifə olursa-olsun Ə.Əliyev dərin zəkası və təşkilatçılıq məharəti ilə özünə xüsusi münasibət qazanırdı və bu səbəbdən Azərbaycanın yaradıcı ziyalılarının daim diqqət mərkəzində olurdu. Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olmuşdur. Onun şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur.Beləki, o həmin institutun rektoru vəzifəsində çalışmış və hal-hazırda institutumuz onun adını daşıyır. Institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirib tək Azərbaycanın yox bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunmuş,həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilmiş və ixtisas dərəcələri möhkəmləndirilmişdir. İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanmış, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilmişdir. Milli kadrların - adlı-sanlı alim-həkimlərimizin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olundular. İnstituda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edildi. İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerlaşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edildi. İnstitut Respublikamızda əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrildi.
    Ə.Əliyevin elmi fəaliyyəti də geniş olmuşdur. Beləki, o 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmiş və sonradan Azərbaycan Tibb İnstiutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən Respublikamız üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləmişdir. Həmin dövrdə Azərbaycan dilində həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk «Klinik analizlər» dərsliyini Ə.M.Əliyev nəşr etdirdi. 1937-ci ildə Əziz Əliyev «Eksperimental nefrit» doktroluq dissrtasiyasını müdafiə edir. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Kəskin nefritin patogenezində allergik nəzəriyyənin əsaslandırılması xəstəliyin müalicəsində spesifik və qeyri-spesifik terapiyanın seçilməsinə imkan verirdi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.
    Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. O,istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən,səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bildi. Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayır. 1960-cı ildə Əziz Əliyevə «Azərbaycan SSR əməkdar həkimi» fəxri adı verilir. O, I-II çağırış SSRİ Ali Sovetinin deputatı, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olubdur. Əziz Əliyevin iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni və bir çox medallarla təltif edilmişdir.
    1962-ci ilin 27 sentyabr tarixində institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmməkərim oğlu Əliyevin adı verilmişdir. Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılandı.
    Qeyd etmək lazımdır ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzində dayanır.
    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi bu tədbirlərdə yaxından iştirak edəcəkdir. Həmin tədbirlərdən biri 2017-ci ilin yanvarında Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş böyük elmi-praktik konfransın keçirilməsidir. Həmin konfransda institut əməkdaşları ilə yanaşı Respublikanın tanınmış səhiyyə təşkilatlarının nümayəndələri də iştirak edəcəklər. Konfransın materialları məcmuə şəklində çap olunacaqdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX