Doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar
beynəlxalq təlim keçirilmişdir

08.06.2016

    Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilmişdir. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılmış, müasir avadanlıqlarla təchiz edilmişdir. Bu da Respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaratmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində Respublikada ana və körpə ölümü göstəriciləri azalmışdır. Bununla belə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır. Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçilməsi vasitəsilə Azərbaycan Respublikasında perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir.Bütün bunlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur. Həmin proqram çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin imzaladığı “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” əmrinin icrası ilə əlaqədar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq-ginekologiya və anesteziologiya-reanimatalogiya kafedralarının əməkdaşları regionlara bir neçə dəfə ezam olunmuş,yerli mütəxəssislərə müvafiq kömək göstərmişlər. Eyni zamanda əməkdaşlarımız yerlərdə həkimlərin fəaliyyətinin təhlilini aparmış və öz hesabatlarında problemləri həll etmək üçün müvafiq təkliflər vermişlər. Təkliflərdən biri də Respublikamızda ana ölümlərini azaltmaq məqsədi ilə qardaş Türkiyə dövlətində tətbiq olunan “Təxirəsalınmaz mamalıq hadisələrində baş verən qanaxmalarda cərrahi müdaxilə layihəsi”ndən nümunə kimi istifadə etmək olmuşdur. Bu layihənin “Anadolu Kuzey Kamu Hastaneler Birligi”ndə tətbiqi nəticəsində Türkiyənin ən yüksək ana ölümü olan Orta Doğu Anadolu bölgəsində peripartum qanaxmalarla bağlı olan ana ölümləri və travmatizmləri əhəmiyyətli dərəcədə azalmışdır. Layihə çərçivəsində çanaq cərrahiyəsində qanamanı dayandıra bilən qadın xəstəlikləri və doğum həkimlərinin sayını artırmaq üçün nəzəri və praktik təlimlər keçirilmişdir. Nəticədə həkim təcrübəsizliyi ilə bağlı olan ana ölümləri 10 dəfədən artıq azalmışdır. Bu layihənin koordinatoru professor Ateş Karateke “Zeynep Kamil Kadın ve Çocuk hastalikları eğitim araşdırma hastanesi”nın baş həkimidir. Həmin layihənın əsasları, iş prinsipləri ilə Respublikamızda çalışan mütəxəssisləri tanış etmək üçün professor Ateş Karateke ölkəmizə dəvət olunmuş və 7 iyun 2016-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçmişdir.
    Təlimi giriş sözü ilə açan rektor professor N.A.Qasımov bildirdi ki, ölkəmizdə səhiyyəyə qayğı nəticəsində inkişaf göz qabağındadır. Son illərdə doğuşayardım xidmətində də nailiyyətlər əldə olunmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının bu xidmət qarşısında qoyduğu standatlara çatmaq üçün hamiləlik və doğuş zamanı ana və dölün sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi vacibdir. Bu gün keçirilən təlim də bu məqsədə qulluq edir. Qardaş Türkiyənin əldə etdiyi nəticələri ölkəmizin mütəxəssislərinə çatdırmaq üçün dəvət olunmuş professor Ateş Karateke doğuşayardım xidmətinin təkmilləşdirilməsi üçün böyük əmək sərf etmişdir və hesab edirəm ki, onun təlimi maraqlı keçəcək və faydalı olacaqdır.
    Təlimdə Respublikanın doğuşayardım xidmətində çalışan mama-ginekoloqlar iştirak etmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX