Ə.Əliyev adına ADHTİ-də “Süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsili” mövzusunda beynəlxalq elmi seminar keçirilib

30.10.2026


28 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Amerikanın təhsil və elm sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərindən biri olan McGraw Hill-in birgə təşkilatçılığı ilə “Süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsili” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Müasir tibbi təhsilin aktual məsələlərinə həsr olunan seminarda səhiyyə mütəxəssislərinin hazırlanmasında süni intellektin rolu, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətləri müzakirə edilib. Tədbir tibbi təhsildə innovativ yanaşmaların təşviqi, qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Seminarda institutun rektoru, professor Nazim Pənahov iştirakçıları salamlayaraq müasir dövrdə tibbi təhsilin qarşısında duran yeni çağırışlardan bəhs edib. O, səhiyyə sisteminin inkişafı və tibb mütəxəssislərinin peşəkar hazırlığının təkmilləşdirilməsi prosesində rəqəmsallaşmanın və süni intellekt texnologiyalarının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, müasir texnologiyaların tədris prosesinə inteqrasiyası biliklərin mənimsənilməsi, klinik təfəkkürün inkişafı, təlim nəticələrinin qiymətləndirilməsi və gələcək mütəxəssislərin dəyişən peşə tələblərinə uyğun hazırlanması üçün yeni imkanlar yaradır.
Tədbirin əsas məruzəçisi tibbi təhsil sahəsində tanınmış alim, Ümumdünya Tibb Təhsili Federasiyasının (WFME) qiymətləndiricilər qrupunun üzvü, professor Hossam Hamdy “Səhiyyə və tibb təhsili ekosistemlərində sürətli transformasiyaya uyğunlaşma” mövzusunda çıxış edib. Məruzədə səhiyyə və tibb təhsili sahəsində baş verən sürətli dəyişikliklər, bu dəyişikliklərin mütəxəssis hazırlığına təsiri və təhsil müəssisələrinin yeni çağırışlara uyğunlaşmasının əhəmiyyəti diqqətə çatdırılıb. Müasir təhsil modellərinin tətbiqi, innovativ tədris metodlarından istifadə və təhsilalanların gələcək peşə fəaliyyətinə hazırlanmasında yeni texnologiyaların imkanları müzakirə olunub.
Seminar çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Al Ain Universitetinin dosenti, DMD, PhD Sabrin Ali Azim “Tədrisdən keyfiyyətə: səhiyyə mütəxəssislərinin təhsilində təlim, qiymətləndirmə və nəticələrin uzlaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə tədris prosesinin keyfiyyətinin təmin edilməsi, təlim məqsədləri ilə qiymətləndirmə meyarları arasında uyğunluğun yaradılması və təhsil nəticələrinin müəyyənləşdirilməsinin əhəmiyyəti diqqət mərkəzində olub. Səhiyyə mütəxəssislərinin hazırlanmasında tədrisin nəticəyönümlü təşkili və biliklərlə yanaşı, praktiki bacarıqların da qiymətləndirilməsinin vacibliyi vurğulanıb.
McGraw Hill şirkətinin Şimali və Mərkəzi Avropa, Mərkəzi Asiya üzrə akademik məsləhətçisi MSc Nuri Karaca isə “McGraw Hill ilə tibb təhsili: inteqrasiya olunmuş peşələrarası yanaşma” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda tibb təhsilində peşələrarası əməkdaşlığın rolu, müxtəlif səhiyyə mütəxəssislərinin birgə fəaliyyətinə əsaslanan tədris yanaşmaları və müasir təhsil resurslarından istifadənin imkanları barədə məlumat verilib.
Müzakirələr zamanı süni intellektin tibbi təhsildə tətbiqinin yaratdığı imkanlarla yanaşı, tədris prosesində insan amilinin, müəllim və tələbə arasında qarşılıqlı əlaqənin, klinik təfəkkürün və peşəkar məsuliyyətin qorunmasının vacibliyi də ön plana çıxıb. Bununla yanaşı, rəqəmsal texnologiyaların tədris və qiymətləndirmə proseslərinə inteqrasiyası, müasir təhsil standartlarının tətbiqi və səhiyyə mütəxəssislərinin fasiləsiz peşəkar inkişafının təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq elmi seminar tibbi təhsilin müasir inkişaf istiqamətlərinin müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və səhiyyə mütəxəssislərinin hazırlığında innovativ yanaşmaların təşviqi üçün mühüm platforma olub. Tədbir süni intellekt və rəqəmsal texnologiyaların imkanlarından səmərəli istifadə etməklə tibbi təhsilin keyfiyyətinin artırılması, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edib.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu