10.04.24-13.04.2025-ci il tarixində Xankəndində Qarabağ Universitetində "Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ÜST Azərbaycandakı Nümayəndəliyi, Qarabağ Universiteti, Ə.Əliyev adına ADHTİ, ATU nümayəndələri ilə yanaşı Hollandiya və Türkiyədən olan iştirakçılar da daxil olmaqla 75 mütəxəssis iştirak etmişlər. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunu ÜST təlimçisi, institutun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova təmsil etmişdir.
İki gün davam edən konfransın panel müzakirələrində tədris proqramının inkişafı ilə bağlı zəruri məqamlar, həmçinin tibb və tibb bacılığı üzrə kurikulum inkişafı üçün təhsil strategiyasının əsasları mövzularında fikir mübadiləsi aparılmışdır. Bu zaman tibb bacısı və həkim ixtisaslarının hazırlanmasında beynəlxalq təcrübələr və yanaşmalara əsaslanaraq səriştələr çərçivələrinin tətbiq edilməsi barədə geniş məlumatlar təqdim edilmişdir.
Konfrans iştirakçıları Qarabağ Universitetin klinikasının iş şəraiti ilə də tanış olmuşlar.